Главная > Manset > Azərbaycan neft hasilatını azaltmağa başladı

Azərbaycan neft hasilatını azaltmağa başladı


1-05-2020, 10:18. Разместил: azadses
Azərbaycan bu gündən etibarən "OPEC+" razılaşması çərçivəsində neft hasilatının azaldılması prosesinə başlayıb.
Azad Səs-in məlumatına görə, may-iyun aylarında “OPEC +” üzrə öhdəliklər gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 23% olmaqla 9,7 mln. barel, Azərbaycan üçün isə 164 mln. barel azaldılmasını nəzərdə tutur.
2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycanın öhdəlikləri iyul - dekabr aylarında bu göstəricidən 18% olmaqla 131 min barel, 2021-ci il və 2022-ci ilin apreli ərzində isə 14% olmaqla 98 min barel müəyyənləşib.
Məlumata əsasən, yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq hasilatın azaldılması kvotaları SOCAR-ın neft və qazçıxarma qurumlarının və ölkəmizdə hasilatın pay bölgüsü sazişləri, habelə bu qəbildən olan müqavilələr üzrə fəaliyyət göstərən neft istehsalçılarının hasilat həcmlərinə proporsional qaydada bölüşdürülüb. 2018-ci ilin oktyabr ayında gündəlik neft hasilatının AÇG üzrə 567 min barel, “Azneft” İB üzrə 125 min barel, Birgə Müəssisələr və Əməliyyat Şirkətləri üzrə isə 26 min barel təşkil etdiyini nəzərə alaraq, hasilatın bu səviyyələrdən cari ilin may-iyun aylarında 23%, iyul-dekabr aylarında 18%, 2021-ci ilin yanvar – 2022-ci ilin apreli dövründə isə 14% azaldılması nəzərdə tutulur. Eyni zamanda qeyd edilməlidir ki, bu rəqəmlər yuvarlaqlaşdırılıb, müxtəlif hasilat quyularından çıxan neftin ton/barel çevirmə əmsalları fərqlənir və kondensat həcmlərinin azaldılması öhdəliklərə daxil deyil.
Energetika naziri Pərviz Şahbazov bildirib ki, “Azəri-Çıraq-Dərinsulu Günəşli” yataqlarında, “Azneft” İB, Birgə Müəssisələr və Əməliyyat Şirkətləri üzrə gündəlik hasilatın azaldılması tədbirləri Azərbaycanın öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək: “Bu gündən dünya neft sənayesi tarixində hasilat həcmlərinə və müddətinə görə ilk ən böyük razılaşmanın icrasına başlanılır. İkinci rübdə dünyada neftə gündəlik tələbatın 15-25 mln. barel, 2020-ci ildə isə 10,3 mln. barel həcmində azalması gözlənilir. Belə bir vəziyyətdə “OPEC+” ölkələri, o cümlədən Azərbaycan üzrə öhdəliklərin yerinə yetirilməsi neft bazarına ilk dəstəyi təmin edəcək. Neft bazarının sabitləşdirilməsi üçün milli və qlobal səviyyədə nümayiş etdirilən həmrəyliyin nəticələri tədricən neftin qiymətində də öz əksini tapacaq”.
Nazir onu da əlavə edib ki, Azərbaycanda hasilatın azaldılması ilə bağlı bu tədbirlərdə məqsəd həm də SOCAR və ölkəmizdə fəaliyyət göstərən digər neft istehsalçılarının, nəticədə dövlətin gəlirlərinin artırılmasına nail olmaqdır.
Qeyd edək ki, öhdəliklərə uyğun olaraq Azərbaycan gündəlik xam neft istehsalını cari ilin may-iyun aylarında 554 min barel, iyul-dekabr aylarında 587 min barel, 2021 – 2022-ci ilin aprelində 620 min barel həcmində saxlamalıdır.


Вернуться назад