Главная > Manset > Rəsulzadənin 100 il qabaq hakimiyyəti verərkən etdiyi tarixi çıxış
Rəsulzadənin 100 il qabaq hakimiyyəti verərkən etdiyi tarixi çıxış27-04-2020, 16:23. Разместил: azadses |
“Vətəndaşların qanına girən Əliheydər Qarayev...” Bu gün Azərbaycan Cümhuriyyətinin bolşevik Rusiyası tərəfindən işğalının 100-cü ildönümüdür. İstiPress-in məlumatına görə, 1920-ci il aprelin 27-də Azərbaycan Cümhuriyyəti Parlamenti sonuncu iclasını keçirib, Məhəmmədəmin Rəsulzadə mövcud şərtləri dəyərləndirib belə çıxış edib: “Bizim fraksiyamız təslim olmağın əleyhinədir. Fəqət firqələrin əksəriyyətinin tələbinə görə və camaatımızın arasında daxili müharibə salmamaq üçün və əlavə bugünkü kommunist firqəsinin müstəqilliyimizi müdafiə edəcəklərini nəzərə alaraq bütün ixtiyarın onlara verilməsinin tərəfdarıyam, bu şərtlə ki, kommunistlər istiqlaliyyət, millət və məmləkətimizi layiqincə müdafiə etsinlər. Yox, əgər bunlara əməl olunmazsa, ixtiyarımızı geri alaraq haqqımızı özümüzdə saxlayacağıq”. Hökumət kommunistlərə bu şərtlər daxilində təhvil verildi: 1) Sovet hökuməti tərəfindən idarə olunan Azərbaycanın tam istiqlaliyyəti saxlanılır; 2) Azərbaycan kommunist firqəsinin yaratdığı hökumət müvəqqəti orqan olacaqdır; 3) Azərbaycanın son idarə formasını hər hansı bir xarici təzyiqdən asılı olmayan Fəhlə, Kəndli və Əsgər Deputatları Sovetləri şəxsində Azərbaycanın ali qanunverici orqanı müəyyənləşdirəcəkdir; 4) Hökumət idarəsinin bütün qulluqçuları öz yerlərində qalır, ancaq məsul vəzifə tutanlar dəyişdirilir; 5) Yeni yaradılan müvəqqəti kommunist hökuməti parlament və hökumət üzvlərinin həyatının və əmlakının toxunulmazlığına təminat verir; 6) Qırmızı ordunun Bakı şəhərinə döyüşlə daxil olmasına yol verməmək üçün tədbir görüləcəkdir; 7) Yeni hökumət haradan baş verməsindən asılı olmayaraq, Azərbaycanın istiqlalını sarsıtmaq məqsədi güdən bütün xarici qüvvələrə qarşı öz sərəncamında olan vasitələrlə qəti tədbirlər görəcəkdir. Amma hökumət və parlament üzvləri bilirdilər ki, 1914-cü il sərhədlərini bərpa etməyə gələn rus ordusu Azərbaycanın müstəqilliyinə və hökumət üzvlərinin təhlükəsizliyi məsələsinə əsla əməl etməyəcəklər. Amma faktiki dəstəksiz qalması, Qarabağda ermənilərin hücumu, Türkiyənin bolşevik Rusiyası ilə anlaşması kimi səbəblər artıq müstəqilliyin itirilməsini şərtləndirmişdi. Buna görə də ən uyğun variant kimi hökumətin təhvil verilməsi qərara alınmışdı. Çox keçmədi ki kommunistlərin təhvil şərtlərini nəzərə almamaları bəlli oldu. Azərbaycan Cümhuriyyətinin liderləri Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Fətəli xan Xoyski və milli ordu generalları qətlə yetirildi, Məhəmmədəmin Rəsulzadə həbs edildi. XI ordu Bakıda talana başladı, xalqın qida ehtiyatına qədər Moskvaya daşındı. Ölkədə kütləvi həbslər başladı, 1927-ci ilədək müsavatçılar həbs və sürgün edildilər. 1920-ci il mayın 22-də Azərbaycan xalqı işğala qarşı ilk böyük hərəkatını başladı. Tarixə Gəncə üsyanı kimi keçən bu hadisə nəticəsində 10 minədək azərbaycanlı şəhid oldu. Gəncə üsyanı 10 ildən çox müddətdə müxtəlif şəkildə davam edən istiqlal mübarizəsinin simvolu halına çevrildi. Mühacirətə gedən Azərbaycan siyasiləri yaşadıqları ölkələrdə mətbuat və toplantılar vasitəsilə 27 aprel işğalını dünyaya tanıtdırmağa və unutdurulmamasına çalışdılar. Məhəmmədəmin Rəsulzadə “Yeni Kafkasya”, “Azəri Türk”, “Odlu Yurd”, “İstiqlal” və s. kimi mətbu orqanlarda bu hadisə barədə mütəmadi yazılarla çıxış edib, 27 aprel tarixini “qara gün”, “istila günü” kimi adlandırıb. M.Rəsulzadənin 1952-ci ildə “Amerikanın səsi” radiosunda 27 aprellə bağlı çıxışı baş verənləri geniş şəkildə izah etdiyi üçün dilimizə uyğunlaşdırıb təqdim edirik. *** Azərbaycanda “Aprel inqilabı” Bu gün Bakıda və Azərbaycanın hər bir tərəfində Sovet hökumətinin və Bolşevik partiyasının təşkil etdikləri bütün yığıncaq və mərasim yerlərində Sovet Azərbaycanının istiqlal yubileyindən bəhs edilir. Azərbaycan xalqı guya ki əsl bu gün öz müqəddəratını əlinə almış, həqiqi bir xalq idarəsi qurmuş, istiqlalına gerçəkdən bu gün sahib olmuşmuş. Xalq idarəsi xalq üçün xalq tərəfindən qurulan bir idarənin adıdır. 32 ildir Azərbaycanda davam edən idarə isə xalqa hökm edən bir zülm və istibdad idarəsidir. Sözü, yazını və nəşriyyatı monopoliya altına alan bolşeviklər tarixi təhrif edirlər. Deyirlər ki, bundan 32 il əvvəl aprelin 28-də Azərbaycan fəhlələri ilə kəndliləri üsyan etmiş, bəylərin, xanların, ağaların hökumətini yıxmış, yerinə Sovet hökumətini vücuda gətirmişdirlər. Bu üsyanın başında duran “İnqilab Komitəsi” isə Rusiya Sovet hökumətinə müraciətlə özünə kömək istəmiş, o da qırmızı ordunu Azərbaycana göndərmişdir. Halbuki həqiqət tamamilə bunun əksinədir. Ayın 27-də qırmızı ordu üstün qüvvətlərlə Azərbaycan sərhədini keçmiş, göstərilən müqavimətləri qırmış və Bakını zorla tutmuşdur. Bundan sonra özü ilə bərabər gətirdiyi “Azərbaycan İnqilab Komitəsi”nin adından guya “üsyan etmiş Azərbaycan fəhlə və kəndlilərinə” köməyə gəlməsini özü xahiş etmişdir. Bolşeviklərin 31 ildən bəri hər il 28 apreldə təntənə ilə bayram etdikləri hadisə bu hadisədir. İstila hadisəsinə onlar istiqlal deyirlər. Burada bir xalq hökuməti deyil, xalqı əzən bir diktatorluq quruldu, buna “fəhlə diktatorluğu” dedilər. Amma yalan, bu, fəhləni də əzən bir diktatorluqdur. Bu, Azərbaycan xalqının 34 il əvvəl 28 may 1918-də başından atdığı xarici istilanın yenidən daha qorxulu bir şəkildə geri dönməsindən başqa bir şey deyildir. Azərbaycanlılar! Sizi bu gün azadlığınızdan etdilər. Söz, yazı və yığıncaq haqqını əlinizdən aldılar. Azadlıq burjua boşboğazlığıdır dedilər. Bəylərdən torpaqları, sahiblərindən fabrikləri aldılar. Bir qisminizi kolxozlara, bir qisminizi də fabriklərə zəncirlədilər. Sözdə kapitalizmi ləğv etdilər, amma işdə dövlət kapitalizminin əsirləri oldunuz. Bir dilim çörək üçün briqadirlərin qamçıları altında canınız çıxana qədər çalışdırıldınız, fəhlə olanlarınız fabriklərə bağlı qullar halına düşdünüz. Komissarların və partiya böyüklərinin gözəl yaşayışları ilə zəhmətkeş xalqın halını bir tutuşdurun. Bu idimi sizə vəd edilən bərabərlik? Dəmir pərdə ilə xarici aləmdən ayrılmış bir vəziyyətdə olan sizləri bolşeviklər min cürə yalan və palanlarla idarə edirlər: bütün dünya əsir ikən siz azadmışsınız; bütün dünya ac ikən siz toxmuşsunuz; hər tərəfdə bərabərsizlik və hərc-mərclik var ikən Sovet Azərbaycanında nizam-intizam varmış. Sovet Azərbaycanı Cümhuriyyəti bütün dünyaya və ələlxüsus Şərqə nümunə bir cümhuriyyət imiş! Bu nümunə cümhuriyyətdə kültür inkişaf edirmiş. “Formaca milli, məzmunca sosialist” fəhlə kültüründən sizə çox bəhs edirlər: formaca milli olacaq yazımız on beş ildir rus hərfləri ilə yazılır. Yalnız hərflər deyil, istilahlar da ruslaşdırıldı. İslami və Avropai istilahlar işlətmək indi qadağandır. Kommunizmin müqəddəs dili ruscanın istilahlarını işlətmək məcburidir. Formanın ruslaşdırılmasından sonra sıra məzmuna gəldi. İndi sosialist olacaq məna da ruslaşdırılır. Tarixdə ideallaşdırılacaq qiymətlərdən insan azadlığını və milli istiqlal hadisələrini deyil, rus imperializmini təmizə çıxaracaq misallar verilməli imiş. Bütün dünyada milli istiqlal qəhrəmanı deyə tanınan Şeyx Şamil dünən alqışlanan bir sima ikən bu gün mənfi bir tip olur. Azərbaycan xalqının şücaət, cəsarət, fədakarlıq, igidlik və vətənpərəstlik hisslərini qıcıqlayan “Dədə Qorqud” hekayəsi dünən faydalı bir əsərdi, bu gün zərərli görünür. Çünki indi Sovet imperializmi çarların getdiyi böyük rusluq yoluna düşmüşdür. Böyük şairlərimiz, ədib və yazıçılarımız əksinqilabçı deyə ortadan götürüldülər. Millətin şanlı keçmişi ilə az-çox əlaqəsi olan əsərlər kitabxanalardan yığışdırıldı. Sadəcə milli Azərbaycan dövrünün və Türk mədəniyyət tarixinin həqiqi nümayəndələri deyil, Azərbaycanın sovetləşdirilməsində tarixi rol oynamış adamların adları da çəkilməz oldu. Doktor Nəriman Nərimanov 27-28 aprel hadisəsinin qəhrəmanı idi. O, Azərbaycan İnqilab Komitəsinin rəisi ünvanı ilə Qırmızı ordunun süngüləri arasında iş başına gəlmişdi. İsminin Sovet istilasını pərdələməsinə razı olmuşdu. Azərbaycandan Moskvaya yollanan gəmilər və vaqonlar dolusu qarət və qənimət mallarını o, yoldaş Leninə hədiyyə deyə sadiqanə nitqlərlə yola salmışdı. Bütün bunlara baxmayaraq bir az sonra onu suyu sıxılmış limon kimi atdılar, milli əyintiçiliklə töhmətləndirib Moskvaya sürgün etdilər. Ömrünü orada bitirdi. Başqa bir çox komissarlar da eyni aqibətə düçar oldular. Məsələn, Azərbaycanın sovetləşdirilməsində birinci gündən etibarən milliyyətçilik ilə panturanizmə qarşı amansız surətdə mücadilə edən və Karl Marksın “Kapital”ının Azərbaycan türkcəsinə tərcümə edilməsi münasibəti ilə “türkcənin şərəfləndiyindən” bəhs edən Ruhulla Axundov panturanizmin zəhərli bir nümayəndəsi və milliyyətçi Müsavat partiyasının zavallı bir agenti deyə günahlandırıldı. Sovet dərs kitablarında panturanizm ilə panislamizmin “qaçaq fikirlərini” böyük bir diqqətlə arıtlamağı özünə müqəddəs vəzifə sayan və bir çox vətəndaşlarının qanına girən Əliheydər Qarayev sonra millətlərarası faşizmin nacins bir nökəri deyə ifşa edildi. Milli Azərbaycan hökuməti əleyhində konspirasiya ilə məşhur olan, 1920-ci ildə Gəncə üsyanını basdırmağa məmur olan baş komissar Həmid Sultanov İnqilab Məhkəməsinin qərarı ilə Azərbaycanı Sovetlər Birliyindən ayırmaq istəyən silahlı bir üsyan qüvvətinin başında durmaq töhməti ilə ölüm cəzasına məhkum oldu. Bu cür misallar söylənməklə bitməz!... Xalq üçün qətiyyən deyil, ancaq qırmızı Moskva ağaları üçün idarə olunan Sovet Azərbaycanında xalqa azacıq yaxınlıq göstərən insanlar Stalinin gözündə bir xalq düşmənidir. Vaxtilə Sovet rejiminə böyük yararlıqlar göstərən bir çox yerli kommunistlərə “xalq düşməni” damğasını vuraraq hamısını silib süpürdülər. O qədərki bu gün münasibətilə nəşr olunan Sovet qəzetlərində yubileyi edilən Aprel inqilabı qəhrəmanlarının elan olunan siyahısında yerli tək bir ada rastlanılmaz. Azərbaycandakı Sovet inqilabının yeganə qəhrəmanı qırmızı ordunun komandanı Stalindir!... 32 ildən bəri üstünüzə qanlı kabus kimi çökən rejim milli qəhrəmanı olmayan, xalqın içindən çıxmış rəhbərdən məhrum olan bir rejimdir. Yabancı və yalançı bir rejim!... Bu, sürgünlərin, həbslərin, ölüm lagerlərinin və ardı-arası kəsilməyən qanlı yox edilmələrin, Allahı tanımayan, dinsiz, imansız, zalım NKVD-çilərin rejimidir. Belə bir rejimin hakim olduğu bir yerdə azadlıq dünyasından gələn bir səsi eşitmək, əlbəttə, asan deyildir. Bu çətinliyi bildiyimiz halda səsimizi məzlum Azərbaycan xalqına eşitdirmək məqsədilə bugünkü qanlı Aprel istilası matəmini yaşayanlara deyirik ki: bolşeviklər Azərbaycanda bütün Şərqə nümunə bir dövlət qurduqlarını söyləyirlər. Sözlərində səmimi olub dediklərinə, həqiqətən, inansaydılar, dəmir pərdəni qaldırar, cümhuriyyətin qapılarını açar, sizləri azad dünya ilə əlaqə və münasibətə gətirərdilər. Fəqət bunu edə bilməzlər, çünki o zaman yalanları üzə çıxar. Qaraya ağ, zülmə ədalət, yoxsulluğa varlıq, əsirliyə azadlıq, istilaya istiqlal dedikləri aşkar olar!... Onlar bu cəsarəti göstərə bilməz, inadlarında davam edərlər. Fəqət bu inad onları qurtara bilməz. Haqq ilə batilin, doğru ilə yalanın dünya ölçüsündə gedən mücadiləsində yekun qələbə haqqın və doğrunundur. Bu zəfər günəşi, əlbəttə ki, bir gün Azərbaycanda parıldayacaqdır!... “Kafkasya” jurnalı, sayı 10, 1952 Hazırladı: Dilqəm Əhməd/Teleqraf Вернуться назад |