Главная > Manset > Karantinə rəğmən, yollarda maşınların sayı azalmır - Ekspertdən çıxış yolu

Karantinə rəğmən, yollarda maşınların sayı azalmır - Ekspertdən çıxış yolu


14-04-2020, 10:19. Разместил: azadses
Koronavirus (COVID-19) infeksiyasının ölkədə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən ölkədə xüsusi karantin rejimi elan edilsə də, küçələrdə nəqliyyat vasitələri gözlənilən qədər az deyil.
Bununla bağlı nəqliyyat üzrə ekspert Elməddin Muradlı Oxu.Az-a açıqlamasında bildirib ki, karantin rejimindən sonra hələ də küçələrdə nəqliyyatın sıxlığı mövcuddur:
“Bəzi məhdud məsuliyyətli cəmiyyətlər, müəssisələr var ki, il ərzində normal fəaliyyətləri olmayıb və vergi ödəməyiblər. Amma bu gün icaze.e-gov.az portalı vasitəsilə buraxılış icazələri alırlar.Həmin sənədlər əsasında küçələrdə nəqliyyat vasitələrinin sayı artır. Bu baxımdan, düşünürəm ki, məsələyə daha ciddi yanaşmaq lazımdır. Burada müəyyən boşluqlar var ki, öz həllini tapmalıdır. Vətəndaşların həmin boşluqlardan istifadə etmək imkanları məhdudlaşdırılmalıdır”.
“Şəhərin bəzi küçələrində, əvvəlki kimi, sıxlığın mövcudluğu həmin ərazidə postların qurulması və ora yaxınlaşan avtomobillərin sayının çox olması ilə əlaqədardır. Həmin nəqliyyat vasitələrinin sahiblərinə nəzər yetirsək, lüzumsuz olaraq yola çıxdıqlarının şahidi olarıq.
İndiyə kimi normal fəaliyyət göstərməyən, vergi hesabatlılığı olmayan belə qurumların verdiyi icazə arayışları, kağızları ləğv edilməlidir. Onlara qarşı sərt tədbirlər görülməlidir ki, verdikləri arayışlar qüvvədən düşsün. Belə olarsa, şəhərdə nəqliyyat vasitələrinin sayı azalacaq”, - deyə ekspert bildirib.
E.Muradlı əlavə edib ki, sözügedən məsələdə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) görə biləcəyi hər hansı bir iş yoxdur:
“Onlar icraedici orqandır və qəbul olunmuş qərarları həyata keçirir. Burada əsas iş Nazirlər Kabineti yanında operativ qərargahın üzərinə düşür. Nəzarət mexanizmi gücləndirilərsə, belə halların qarşısını almaq mümkün ola bilər”.
Qeyd edək ki, Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov xüsusi karantin rejiminin müddətinin artırılmasının vəziyyətdən asılı olduğunu bildirmişdi:
“Yoluxmanın dinamikası və qayda pozuntusu halları bugünkü kimi qalarsa, xüsusi karantin rejimi aprelin 20-dən sonra da artırıla bilər. Vətəndaşlar arasında qaydaları pozanlar çoxdur. Külli miqdarda saxta jurnalist vəsiqələri və icazələrlə dolaşırlar”.



Вернуться назад