Главная > Manset > Yeni qaydalar təsdiqləndi
Yeni qaydalar təsdiqləndi6-02-2021, 11:23. Разместил: azadses |
Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları təsdiqlənib. ''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası qərar verib. Qaydalarda qeyd edilib ki, kəsim məntəqələri avtomobil yollarından - 30 metr; fermalardan - 50 metr; su hövzələrindən - 100 metr; sənaye müəssisələrindən - 150 metr; ictimai təyinatlı və ya ümumi istifadədə olan obyektlərdən, o cümlədən yaşayış binalarından - 300 metr məsafədə olmalıdır. Kəsim məntəqələrinin ərazisi ən az 1,5 m hündürlükdə hasarla hasarlanaraq, digər ərazilərdən ayrılmalıdır. Stasionar və modul tipli kəsim məntəqələrinin (nəqliyyat vasitələri üçün giriş və çıxış nəzərdə tutulduğu halda) nəqliyyat vasitələri və piyadalar üçün keçidlərdə dezinfeksiyaedici baryerlər olmalıdır. Kəsim məntəqələri diri heyvan və quşları gətirən və heyvan mənşəli qida məhsullarını aparan nəqliyyat vasitələrinin hərəkəti üçün ayrı-ayrı giriş və çıxış yolları olmalıdır. Qaydalarda qeyd edilib ki, kəsim məntəqələrində məişət (təsərrüfat)-içməli sudan istifadə edilməlidir. Quşların qəbul bölməsinin fəaliyyəti üçün küləkdən, yağıntılardan və günəş şüalarının bilavasitə təsirindən qorunan platformadan istifadə olunmalıdır. Soyuducularda ət və ət məhsulları +4oC dərəcədə, sub məhsullar +3oC dərəcədə, dondurulmuş ət və sub məhsullar dondurucularda -18oC ÷ -12oC dərəcədə saxlanılmalı; Qurban bayramı və digər xüsusi tədbirlər zamanı istisna olmaqla, ətin daxili tempuraturu yalnız +4oC və ya daha az dərəcədə olduğu zaman ətin doğranması və sümükdən ayrılması həyata keçirilməlidir; Ət doğranması və qablaşdırılması bölməsində temperatur +10 ÷ +12 oC dərəcədən çox olmamalıdır. Soyuducu qurğuların kondensat suyunun heyvan və quş cəmdəkləri, həmçinin ət məhsulları ilə təması yolverilməzdir. Xaricə açılan qapılarda həşəratlara qarşı tordan əlavə, aşağı hissədə gəmiricilərin girişinə mane olan metal şəbəkə olmalıdır. Kəsim məntəqələrinin daxilində zərərvericilərlə mübarizədə müvafiq qurğulardan istifadə olunmalıdır. Heyvan dərisinin duzlanması üçün nəzərdə tutulan bölmələr masa, duz və duzlanmış dərilərin saxlanması üçün xüsusi qablarla təchiz olunmalıdır. Kəsim məntəqələrinə digər rayon və şəhərlərdən nəql edilən heyvanların və ya quşların yorğunluq və stress amillərini aradan qaldırmaq üçün heyvanlara ən az 1 saat, quşlara isə ən az 30 dəqiqə vaxt ərzində dinclik verilməlidir. Digər rayon və şəhərlərdən kəsim məntəqələrinə nəql olunmuş heyvanların və ya quşların içməli su ilə təmin olunmasına diqqət yetirilməli və kəsimə 2-3 saat qalanadək su ilə təmin edilməlidir. Kəsim məntəqələrinə nəql olunmuş heyvanların kəsiminə 12 saat, quşların isə 8-12 saat qalmış yemləndirilməsi dayandırılmalıdır. Kəsim məntəqələrində heyvan və quş kəsimi vaxtı minimuma endirilməli və tez bir zamanda kəsim həyata keçirilməlidir. Bu müddət müvafiq olaraq 8-12 saatdan çox vaxt tələb etdiyi halda heyvanlar və ya quşlar mütləq şəkildə müəyyən miqdarda yemlə təmin olunmalıdır. Nəql zamanı zədələnmiş qısa müddət ərzində həyata keçirilməlidir. Kəsim məntəqəsinə gətirilən heyvanların və ya quşların dəri örtüyündə kənar çirklənmələr olmamalı və ya olduğu halda təmizləndikdən sonra kəsim həyata keçirilməlidir. Laktasiya dövründə olan heyvanlar sağaldıqdan sonra ən qısa müddətdə kəsimə göndərilməlidir. Kəsimdən qabaq saxlanma bölməsi kəsim məntəqələrinin digər bütün bölmələrindən divarla ayrılmalıdır. Bu bölmədə saxlanılan heyvanlar kəsilən heyvanı görməməlidir. Quşun qansızlaşdırılma prosesi tamamilə su keçirməyən divarlara və tavana malik xüsusi sahədə aparılmalıdır. Kəsim zamanı quş cəmdəyinin çirklənməsinin qarşısını almaq məqsədi ilə mədə-bağırsaq sistemi dolu olan quşların kəsimi yolverilməzdir. Buxar istiliyi olan konteynerə salınaraq və ya qaynar su ilə pörtlətmə əməliyyatı qansızlaşdırma əməliyyatı bitdikdən dərhal sonra, quşun növündən asılı olaraq, müəyyən temperaturda təyin edilmiş vaxt aralığında mütləq şəkildə aparılmalıdır. Qaynar su ilə pörtlətmə və tüklərin təmizlənməsi bölməsi kəsim məntəqəsinin digər bölmələrindən divarla ayrılmış və ayrıca girişi olan hissədə aparılır. Lələklərin döşəmənin üzərində yığılaraq qalması yolverilməzdir. Quşların içalatının təmizlənməsi zamanı daxili orqanların zədələnməsi və cəmdəklərin çirklənməsinə yol verilməməlidir. Soyudulma bölməsində cəmdəklər, onların çirklənməsinin qarşısının alınması məqsədi ilə bir-birilərinə toxunmayacaq şəkildə asılı vəziyyətdə soyudulmalıdır. Heyvan mənşəli qida məhsulları fiziki (şüşə, metal, taxta qırıntıları və s.), kimyəvi (yuyucu və dezinfeksiyaedici vasitələr, zərərvericilərlə və xəstəliklərlə mübarizədə istifadə edilən vasitələr və onların qalıqları) və bioloji (mikroorqanizmlər, parazitlər və s.) çirkləndiricilərlə təmasda olmamalıdır. Kəsim prosesindən sonra qan birbaşa olaraq kanalizasiya sisteminə axıdılmamalı, paslanmayan materialdan hazırlanmış qan tankına yığılmalıdır. Yığılan qan qeyri-qida məhsulu kimi emal prosesinə göndərilməli və ya emal prosesi üçün yararsız olduğu təqdirdə zərərsizləşdirilərək kanalizasiya sisteminə axıdılmalıdır. Kəsim məntəqəsinin yaxınlığında tullantıların toplanması üçün qapaqlı konteynerlər və həmin konteynerlərin yerləşdirilməsi üçün sahə (meydan) ayrılmalıdır. Tullantı qablarının 2/3 hissəsi dolduğu zaman tullantılar üçün ayrılmış konteynerlərə boşaldılmalı və hər iş gününün sonunda həmin qablar tullantılardan təmizlənməli və dezinfeksiya edilməlidir. Konteynerlər üçün ayrılmış sahələr müəssisədən kənarda yerləşdirilməli və təmiz saxlanılmalıdır. Heyvan və quş daşıyan nəqliyyat vasitələri, kəsimdə, məhsulların tədarükündə istifadə olunan texniki avadanlıq, alət və ləvazimatlar, həmçinin səthlər təmiz olmalı və çirkləndikdə və ya hər iş gününün sonunda dezinfeksiya edilməlidir. Heyvan və quş cəmdəyinin doğranması prosesində taxta (kötük) və qida məhsulları üçün istifadəyə yararlı polietilen materiallardan hazırlanmış plastik lövhələrdən istifadə edilə bilər. Kəsim məntəqəsinə kənar şəxslərin daxil olması yolverilməzdir. Kəsim məntəqəsi daxilində işçilərin zinət əşyalarından istifadəsi yolverilməzdir. İşçilərin iş geyimində kəsim məntəqəsini tərk etməsi yolverilməzdir. Donuz cəmdəklərinin dəriləri ilə birlikdə emalı onların şaquli və ya üfüqi vəziyyətdə alov, isti buxar, qaynar sudan istifadə etməklə həyata keçirilir. Daxili orqanların çıxarılma prosesi zamanı daxili orqanlar, mədə-bağırsaq traktı zədələnməməli, cəmdəklərin xarici və daxili səthi çirklənməməlidir. Kəsim məntəqələrinə heyvanların və quşların nəqli zamanı Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 142 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nda göstərilmiş tələblərə riayət olunmalıdır. Nəqliyyat vasitələri heyvanların sayına uyğun ölçüdə olmalı və heyvanların stress amillərinə məruz qalmadan rahat şəkildə daşınmasını təmin etməlidir. Nəqliyyat vasitələrində heyvanların daşındığı hissələr havalandırma sistemi ilə təchiz edilməlidir. Hər bir kəsim məntəqəsində bu Qaydalara əməl olunmasına nəzarət etmək və müvafiq baytarlıq-sanitariya ekspertizasının aparılması üçün dövlət baytarlıq müfəttişi təhkim edilməlidir. Kəsim məntəqələrinə gətirilmiş heyvanlar və ya quşlar baytarlıq qanunvericiliyinə uyğun olaraq müvafiq müşaiyətedici baytarlıq sənədləri (ekspertiza aktı, baytarlıq arayışı və baytarlıq şəhadətnaməsi) ilə təmin olunmalıdır. Kəsim məntəqələrinə gətirilmiş heyvanlar və ya quşlar kəsimdən qabaq saxlanma bölməsində qrup halında saxlanılmalı, onların sərbəst hərəkət etmələri təmin edilməli və dövlət baytarlıq müfəttişlərinin nəzarətində olmalıdır. Kəsim məntəqələrinə daxil olan heyvanlar və ya quşlar dövlət baytarlıq müfəttişi tərəfindən müayinə olunmalı, müayinə zamanı xəstə və ya xəstəliyə şübhəli heyvan və ya quş olarsa, habelə heyvanların və ya quşların həqiqi baş sayı müşayiətedici baytarlıq sənədlərində (ekspertiza aktı, baytarlıq arayışı və baytarlıq şəhadətnaməsi) göstərilən baş sayına uyğun gəlmədiyi halda, belə heyvanlar və ya quşlar diaqnoz təyin olunana qədər izolyatorda saxlanılmalıdır. Kəsim məntəqələrinə gətirilən heyvanlarda və quşlarda kəsimqabağı və ya kəsimdən sonra hər hansı yoluxucu xəstəlik aşkar edilərsə, həmin heyvan və quş, o cümlədən onların cəmdəyi üzrə kəsim prosesi dayandırılır və bu barədə dərhal Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilir. Daşınma zamanı müxtəlif səbəblərdən (mexaniki zədə, xəstəlik, xəstəliyə şübhəli hallarda və s.) ölən heyvanlardan və ya quşlardan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 4 dekabr tarixli 255 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət baytarlıq nəzarəti obyektlərinin baytarlıq (baytarlıq-sanitariya) ekspertizasının aparılması Qaydaları”na uyğun olaraq, nümunələr götürülərək ekspertizası aparılmalı və ekspertiza rəyində göstərilən nəticələrdən asılı olaraq, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nəzarəti ilə ölü heyvanlar və ya quşların zərərsizləşdirilməsi və ya utilizasiyası ilə bağlı tədbirlər həyata keçirilməlidir. Kəsilən heyvanlardan və ya quşlardan götürülən nümunələr səyyar, modul və ya stasionar fəaliyyət göstərən baytarlıq-sanitariya ekspertizası laboratoriyasında laborator müayinələrə cəlb edilməlidir. Donuz cəmdəklərində seçmə üsulu ilə trixinelloskopiya müayinəsi aparılmalıdır. Yoluxucu xəstəliklər aşkar olunmuş heyvan və quş cəmdəyinə Nazirlər Kabinetinin 13 sentyabr 2006-cı il tarixli 209 nömrəli Qərarı ilə təsdiq edilmiş “Baytarlıq normalarına cavab verən məhsulların sahibinə həmin məhsulların satışına icazə verən ekspertiza aktının təqdim edilməsi və ya məhsulun (ətin, heyvan və quş cəmdəklərinin, digər məhsulların) üzərində nişan qoyulması Qaydaları”na əsasən baytarlıq ştampı vurulmaqla qanunvericiliyə uyğun tədbirlər görülməlidir. Heyvan mənşəli qida məhsulları su keçirməyən, paslanmayan, asan yuyula və dezinfeksiya edilə bilən qablarda saxlanmalı və daşınmalıdır. Bu cür qida məhsullarının saxlanması “mal qonşuluğu” və “ilk daxil olan ilk çıxar” prinsipinə əsasən həyata keçirilməlidir. “Mal qonşuluğu” prinsipinə əsasən, sub məhsullar digər heyvan mənşəli qida məhsullarından ayrılıqda ayrı soyuducu və dondurucularda saxlanılmalıdır. Bu məhsullar yalnız qablaşdırılmış və bir-birindən təcrid olunmuş halda eyni soyuducuda və dondurucularda saxlanıla bilər. Daşınma üçün istifadə olunan və müvafiq soyuducu sistemə malik olan nəqliyyat vasitələri (refrijerator) təmiz saxlanılmalı, dezinfeksiya edilməli, digər qida məhsullarının daşınması üçün istifadə edilməməli, əgər belə hal baş verərsə, nəqliyyat vasitələri ət və ət məhsulları daşınmazdan əvvəl yenidən təmizlənib, dezinfeksiya edilməlidir. Вернуться назад |