Главная > Manset > Müavinət verilməsi qaydası dəyişdi

Müavinət verilməsi qaydası dəyişdi


19-01-2021, 15:50. Разместил: azadses
Prezident İlham Əliyev "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, dəyişikliyə əsasən, Azərbaycanda gömrük orqanlarının vəzifəli şəxslərinin xidmətinə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 2-6-cı bəndləri əsasında xitam verildikdə onlara vəzifə maaşının 6 misli qədər birdəfəlik müavinət veriləcək və bu məbləğdən vergi tutulmayacaq.
 
Xitam vermə ilə bağlı həmin bəndlər aşağıdakılardır:
 
- yaş həddinə çatdığına görə;
 
- pensiyaya çıxmaq hüquqi verən xidmət illərinə görə;
 
- təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya göstərilən vəzifəli şəxs belə vəzifəyə keçirilmədən imtina etdikdə;
 
- vəzifəli şəxsin gömrük orqanlarında xidmətə yararsız olması barədə müvafiq tibb komissiyasının rəyinə əsasən xəstəliyə görə;
 
- müvafiq tibb komissiyasının qərarı əsasında səhhətinin vəziyyətinə görə gömrük orqanlarında xidmət etmək üçün məhdud yararlı olduqda, əgər vəzifəli şəxsin gömrük orqanlarında səhhətinin vəziyyətinə dair tələblərə uyğun olan digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən şəxs imtina etdikdə;
 
Xatırladaq ki, indiyə qədər qüvvədə olan Əsasnaməyə görə, gömrük orqanlarının vəzifəli şəxslərinin xidmətinə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 2-6-cı bəndləri əsasında xitam verildikdə onlara xidmət illərindən asılı olaraq (10 ilə qədər — aylıq vəzifə maaşının 5 mislində; 10 ildən 15 ilə qədər —aylıq vəzifə maaşının 10 mislində; 15 ildən 20 ilə qədər — aylıq vəzifə maaşının 15 mislində; 20 ildən yuxarı — aylıq vəzifə maaşının 20 mislində) birdəfəlik müavinət verilirdi.
 
Bundan başqa, Əsasnamənin 95-ci maddəsinə edilmiş dəyişikliyə əsasən, gömrük orqanlarının vəzifəli şəxslərinə pul mükafatlarının verilməsi dövlət qulluqçularının mükafatlandırılması ilə bağlı normativ-hüquqi aktlarla tənzimlənəcək. İndiyə qədər pul mükafatları gömrük sistemində qüvvədə olan normativ hüquqi aktlara uyğun olaraq verilə bilərdi.

Вернуться назад