Главная > Manset > Pandemiya neftin bahalaşmasına son qoydu

Pandemiya neftin bahalaşmasına son qoydu


16-01-2021, 14:48. Разместил: azadses
Bu həftə Avropanın bəzi ölkələrində karantin tədbirlərinin artırılması, ABŞ-da yoluxmaların və işsizliyin artımı, Çində rekord sayda yoluxmalar neft bazarında bahalaşmaya son qoyaraq sürətli azalmaya səbəb olub.

''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, həftənin son hərraclarında “Brent” markalı neft 2,8 faiz ucuzlaşaraq 54,84 ABŞ dolları, “WTI” markalı neft də 2,82 faiz ucuzlaşaraq 52,06 dollara satılıb. Bütövlükdə 11-15 yanvar tarixləri arasında həmin markalar müvafiq olaraq 54,78-57,38 dollara və 52,06-53,89 dollara satılıb. Beləliklə, illik hesabla “Brent” 15,13 faiz, “WTI” isə 11,04 faiz ucuzlaşıb.

Xatırladaq ki, həftənin birinci yarısında ABŞ-da xam neft ehtiyatlarının azalmasına (APİ-yə görə 5,8 milyon barel, EİA-yə görə 3,2 milyon barel) dair məlumatlar qiymətlərin artmasına təkan vermişdi. Bununla yanaşı dizel yanacağı ixracatının 1232 min bareldən 714 min barelədək azalması nəticəsində bu məhsulun ehtiyatları 9 oktyabr tarixindən bu yana ən yüksək hədd olan 163 milyon barelə çatıb. “Bloomberg” xəbər verir ki, benzin və dizel yanacağı bolluğu koronavirus dərmanlarının çıxması ilə neft sənayesində başlamış dirçəlişə son qoya bilər.

Belə ki, son vaxtlar bir çox ölkələrdə epidemioloji vəziyyətin kəskinləşməsi ABŞ-dakı neft ehtiyatlarının azalması, Çinin ötən il ərzində neft idxalını 7,3 faiz artırması, ABŞ-da yeni administrasiyanın iqtisadiyyata 2 trilyon dollar həcmində dəstək proqramının açıqlamasından sonra dolların ucuzlaşması, habelə Səudiyyə Ərəbistanının fevral – mart aylarında hasilatı 1 milyon barel azaltmaq və Asiya bazarlarına neft ixracını azaltmaq qərarı kimi amilləri belə üstələyib.

Belə bir vəziyyətdə 2021-ci ilin birinci yarısında neft qiymətlərinə dair fərqli proqnozlar verilir. Məsələn, EİA “Brent”ə dair proqnozunu 48,53 ABŞ dollarından 52,7 dollaradək artırsa da, OPEC neftə tələbatın xeyli risq altında olduğunu irəli sürüb.


Вернуться назад