Главная > Manset > Şuşanın azad olunması əməliyyatında qəhrəmanlığı ilə seçilən şəhidimiz: Cəsur kəşfiyyatçı Rəfael Hüseynov
Şuşanın azad olunması əməliyyatında qəhrəmanlığı ilə seçilən şəhidimiz: Cəsur kəşfiyyatçı Rəfael Hüseynov4-01-2021, 11:23. Разместил: azadses |
''Azad Səs'' AZƏRTAC-a istinadən xəbər verir ki, Rəfael Hüseynov 2000-ci il yanvarın 1-i Masallının Qarğalıq kəndində dünyaya göz açıb. Rəfael 2018-2019-cu illərdə həqiqi hərbi xidmətdə olarkən Xüsusi Təyinatlı Qüvvələrin təlimlərinə qatılır. 398 əsgərdən Rəfael də daxil olmaqla, 28-i kursdan keçməklə xüsusi təyinatlı kimi seçilir. Elə həmin ildən gizir kimi hərbi xidmətini davam etdirir. Bir çox hərbi təlimlərdə iştirak edən qəhrəmanımız tez bir zamanda cəsur kəşfiyyatçı kimi yetişir. Onun evlərinə sonuncu gəlişi avqust ayında olur. Şəhidin atası oğlunun müharibə başlayanda onlara heç bir məlumat vermədiyini, səhərisi gün cəbhəyə yollandığını bildirir. Səfərbərlik elan olunanda isə Teymur Hüseynov böyük oğlu Elmirlə birlikdə hərbi komissarlığa gəlir və ikinci oğlunu da cəbhəyə yollayır: “Sonuncu dəfə Rəfaellə danışanda dedi ki, ata, telefonlarımıza zəng çatmayacaq, biz kəşfiyyata gedirik, nigaran qalmayın. Dedim, bala, yolun açıq olsun! Vətəni qorumaq hər birimizin borcudur. Əgər bu torpağın suyunu içiriksə, çörəyini yeyiriksə, ona borcluyuq.” Rəfael Vətən müharibəsi başlayan gündən yoldaşları ilə Kəlbəcər istiqamətində, Murov yüksəkliyi uğrunda ən şiddətli döyüşlərdə işğalçı düşmənə qarşı rəşadətlə vuruşur. Daha sonra Xüsusi Təyinatlı Qüvvələrin aslanları Füzulinin, Hadrutun düşmən işğalından azad olunmasında böyük qəhrəmanlıqlar göstərirlər. Bu zaman Vətən müharibəsində şərəflə döyüşən qardaşı Elmir üçün telefonunda kiçik bir video lentə alır və müharibə bitdikdən sonra birlikdə baxacaqları ümidi ilə saxlayır... Vətən müharibəsinin qazisi Elmir Hüseynov deyir ki, qardaşı çətin idarə olunan ağır texnikaları sürməyi də bacarırdı. Hətta döyüşlərin birində yaralı döyüş yoldaşlarını erməni fermasından tapdığı traktorun arxasına qoşqu qoşaraq təxliyə etmişdi. “Tabor komandiri ağır döyüşlərdən şərəflə çıxan qəhrəmanımıza geri çəkilərək, bir müddət dincəlməyi məsləhət görsə də, “Mən geri qayıtmıram! Siz mənə dəstək yollayın, mən yoluma davam edəcəyəm”, deyə ona cavab verib. Sonra Şuşanın azad olunması uğrunda döyüşlərə qoşulub və orada da qəhrəmancasına şəhid olub”, - deyə qardaşı söyləyir. Rəfael Şuşaya kimi qəhrəmanlıqla vuruşan, burada düşmən müdafiəsini qıraraq alınmaz qalamızı fəth edən igidlərimizdən biri olur. Aşılmaz və sıldırım qayaları qalxıb düşmən üstünə şığıyan xüsusi təyinatlı kimi döyüş meydanında böyük qəhrəmanlıq göstərir. “İnanmırdım ki, Rəfael şəhid olar. Ona o qədər güvənirdim, o qədər insana güvən verirdi. Özünü çox ehtiyatlı aparırdı. Bilirdim ki, yaşı az olsa da, ürəyi böyük idi. Mən oğlumla fəxr edirəm. Onun şəhidliyi ilə qürur duyuram. Bir ana olaraq Allaha “çox sağ ol” deyirəm ki, mənə Rəfael kimi övlad vermişdi. Ona görə Allahımdan razıyam”, - deyə şəhidin anası Şəlalə Hüseynova bildirir. Rəfael Hüseynov ölümündən sonra Ali Baş Komandanın Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub. Hüseynovlar ailəsi fəxr edirlər ki, qazandığımız böyük Qələbədə onların övladlarının da payı var. Вернуться назад |