Azərbaycanda ƏDV ilə bağlı yeni qayda təsdiq olundu
- 16-11-2020, 13:31
- Manset
Nazirlər Kabinetinin qərarına əsasən, “Malların ixrac qeydi ilə satışı Qaydası” Azərbaycan Respublikası ərazisində istehsal olunmuş və ixrac üçün nəzərdə tutulan məhsulların istehsalçısı ilə qeyri-neft məhsullarının ixracatı sahəsində təcrübəsi olan peşəkar ixracatçılar arasında əməkdaşlığın şərtlərini müəyyən edir və işgüzar münasibətlərini tənzimləyir.
“Malların ixrac qeydi ilə satışı Qaydası”nda
- ixrac qeydi ilə satış həyata keçirən şəxsə (istehsalçıya) dair tələblər;
- ixrac qeydi ilə alınan malların ixracını həyata keçirən şəxsə (ixracatçıya) dair tələblər;
- malların ixrac qeydi ilə satışına aid edilməyən şəxslər və əməliyyatlara nəzarət;
- ixrac qeydi ilə malların ixracının həyata keçirilməsi prosesinə nəzarət tədbirləri öz əksini tapır.
“Qayda”nın 3-cü hissəsində müəyyən edilmiş şəxslər və əməliyyatlar istisna olmaqla, “Qayda” ölkə ərazisində qeyri-neft məhsulları istehsal edən bütün istehsalçılara və ixracatçılara şamil olunur.
İstehsalçı ixrac üçün nəzərdə tutulan məhsulu ixracatçıya təqdim edərkən Vergi Məcəlləsinin 165.1.9-cu maddəsinə müvafiq olaraq ƏDV-yə (0) dərəcə ilə cəlb olunur.
Bu mexanizm ixracatçının ixrac edəcəyi malların alışına görə ödəməli olduğu ƏDV-nin məbləği qədər dövriyyə vəsaitinə qənaət etməsinə şərait yaradır və inzibatçılıq yükünü azaldır.