Главная > Kriminal > Bakıda dayısının evinə basqın edən şəxs dəstə üzvləri ilə birgə saxlanılıb - FOTO/VİDEO
Bakıda dayısının evinə basqın edən şəxs dəstə üzvləri ilə birgə saxlanılıb - FOTO/VİDEO10-12-2022, 21:16. Разместил: admin |
Xətai rayonunda dayısının evinə basqın edərək quldurluq cinayəti törədən şəxs və dəstənin daha 3 üzvü saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində rayon ərazisində evlərdən birinə basqın edərək quldurluq əməli törədən dəstə üzvləri - Ramazan Kərimov, Əli Vəliyev, Orxan Musəvi və İlqar Xəlilov saxlanılıblar. Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, Ramazan Kərimov dayısının evində külli miqdarda pul olması barədə digər qohumu Əli Vəliyevə məlumat verib və həmin maddi vəsaitin ələ keçirilməsini təklif edib. Sonuncu isə tanışları Orxan Musəvi və İlqar Xəlilovla həmin mənzilə basqın etmək barədə razılığa gəlib. Ramazan Kərimov dəstə üzvlərinə dayısının və ailənin digər üzvlərinin səhər saatlarında evdən çıxdıqları, mənzildə isə ailənin böyük oğlunun tək qaldığı barədə məlumat verib. Noyabr ayının 21-də dəstə üzvləri həmin mənzilə özlərini poçt əməkdaşı kimi təqdim edərək daxil olublar. Onlar ev sahibinin oğlunun sifət nahiyəsinə yumruqla bir neçə dəfə vurub və əllərində olan bıçaqla sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq etmək hədəsi ilə mənzilə basqın ediblər. Dəstə üzvləri daha sonra evdə olan 50 min dollar, 1900 manat və ümumi dəyəri 20 min manat olan qızıl-zinət əşyalarını ələ keçiriblər. Ramazan Kərimov, Əli Vəliyev, Orxan Musəvi və İlqar Xəlilov barəsində toplanan materiallar Xətai RPİ-nin İstintaq Şöbəsinə göndərilib. DİN-dən qeyd edilib ki, Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Xətai Rayon Polis İdarəsinə, ərazi polis orqanlarına, “102” Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər. Вернуться назад |