Главная > Kriminal / Manset > “Tərtər işi” ilə bağlı təqsirləndirilən 11 nəfərin cinayət işi prokurorluğa qaytarılıb - YENİLƏNİB
“Tərtər işi” ilə bağlı təqsirləndirilən 11 nəfərin cinayət işi prokurorluğa qaytarılıb - YENİLƏNİB5-11-2022, 16:00. Разместил: admin |
“Tərtər işi” üzrə təqsirləndirilən 11 nəfər - kapitan Rauf Orucov, baş leytenant Sultan Zeydullayev, gizir Emin Adilzadə, leytenant Natiq Əliyev, kiçik çavuş Əlizamin Quliyev, əsgər Turan İbrahimli, Müşfiq Əhmədli, Məcid Qasımov, Faiq Əhmədov, Mirpaşa Mehdiyev və Atabəy Rəhimovun cinayət işi prokurorluğa qaytarılıb. Bu barədə “Report”a vəkil Zabil Qəhrəmanov məlumat verib. O bildirib ki, Gəncə Hərbi Məhkəməsinin hakimi Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılıb. Məhkəmənin qərarına əsasən, cinayət işi ibtidai istintaqa prosessual nəzarəti həyata keçirən prokurorluğa qaytarılıb. Qeyd edək ki, Ali Məhkəmənin Plenumu “Tərtər işi" ilə bağlı 18 nəfər barəsində kassasiya qərarını ləğv edib və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib. Xatırladaq ki, rəsmi məlumata əsasən, Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində xidmət edən bəzi hərbi qulluqçuların qanunazidd əməlləri ilə əlaqədar 2017-ci ilin may-iyun ayları ərzində həmin bölmələrin və digər hərbi hissələrin bir qrup hərbi qulluqçusunun cinayət-prosessual qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq səlahiyyətlərə malik olmadıqları halda qanunsuzluqlar törətməkdə şübhəli hesab etdikləri şəxsləri sorğulama prosesinə cəlb edib onlara fiziki və psixi zor tətbiq etməklə zərərçəkmiş şəxslərin ölümünə və digər ağır nəticələrə səbəb olan işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qoymaları faktları ilə əlaqədar cinayət işləri üzrə icraat təzələnmiş və Baş prokurorun birinci müavini tərəfindən prosessual rəhbərliyi həyata keçirilən istintaq qrupu tərəfindən 16 dekabr 2021-ci il tarixdən bütün istiqamətlər üzrə intensiv istintaq hərəkətləri aparılmaqdadır. Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən, 11 nəfərin hökmü ləğv edilib və Gəncə Hərbi Məhkəməsinə göndərilib. 10:06 “Tərtər işi” ilə bağlı ittiham olunaraq təqsirləndirilən 11 nəfərin işi yenidən araşdırılmağa başlayır. APA-nın əldə etdiyi xəbərə görə, iş üzrə hazırlıq iclası bu günə təyin olunub. Gəncə Hərbi Məhkəməsində keçiriləcək bugünkü iclasda ilkin dinləmələrin keçiriləcəyi, işin baxışa təyin olunacağı gözlənilir. Qeyd edək ki, bir müddət əvvəl Ali Məhkəmənin plenumunda “Tərtər işi” çərçivəsində həbs edilmiş 18 nəfərin işinə baxılıb. Plenumda baş prokurorun ərizəsi təmin olunmaqla məhkum Orucov Rauf Rəşid oğlu və qeyrilərinin, habelə məhkum Rzayev Nicat Qabil oğlu və qeyrilərinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət) və digər maddələri ilə məhkum edilmələrinə dair yeni açılmış hallarla əlaqədar cinayət işlərinin apellyasiya instansiyası məhkəməsinə yeni baxışa göndərilməsi barədə qərar qəbul edilib. Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə 19 nəfərin hər biri barəsindəki hökmlər ləğv olunub. Onlardan 12 nəfərin işi Gəncə Hərbi Məhkəməsinə, yeddi nəfərin işi Tərtər Hərbi Məhkəməsinə qaytarılıb. 12 nəfərin sırasına daxil olan məhkum Emil Əliyevin işi ayrıca araşdırılacaq. Вернуться назад |