Главная > Kriminal / Manset > Bakıda “pilot layihə”: “Mühəndis” silsilə oğurluqlar etdi
Bakıda “pilot layihə”: “Mühəndis” silsilə oğurluqlar etdi9-02-2022, 17:19. Разместил: azadses |
Bakıda özünü mütəxəssis kimi təqdim edərək silsilə oğurluqlar etmiş şəxsin cinayət işi üzrə təfərrüat bəlli olub. Oxu.Az-ın məhkəmə istintaqı materiallarına istinadən verdiyi məlumata görə, cinayət əməlini törədən şəxs 1981-ci il təvəllüdlü Qasım Mehdiyevdir (şərtidir - məhkəmə sənədlərində adı açıqlanmır). Ali təhsilli, iki övlad atası olan Qasım 2016-cı ildə də oğurluq üstündə tutulub, 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilibmiş. O, 2019-cu ildə şərti azadlığa buraxılıb, lakin azadlıqda mərc oyunlarında iştirak edərək xeyli borca düşüb. Qasımın borcunun çox olması, xərclərinin artması onu məcbur edib ki, yenidən köhnə vərdişlərinə qayıtsın, yəni oğurluqla məşğul olsun. Qasımın ağlına gələn ideya bu olub ki, heç kimə fiziki zərər yetirmədən, sakit şəkildə gizli talama həyata keçirsin. Bu məqsədlə o, 2021-ci il iyunun 5-də Bakıdakı mənzillərdən birinin qapısını döyərək ev sahibinə “pilot layihə” ilə əlaqədar həmin mənzilin ölçülərini götürəcəyini deyib. İçəri girib, ev sahibinin digər otağa keçməsindən istifadə edərək yataq otağındakı dolabın üzərindən 450 manatlıq qızıl oğurlayıb. Onun oğurluğu həmin an diqqət çəkməyib. Mənzili tərk etdikdən sonra isə növbəti qurbanını seçib. Elə həmin gün digər mənzilə gələrək özünü mühəndis kimi təqdim edib və ölçü götürmək adı ilə bu evdən də oğurluq edib. O, həmin mənzildən 285 manat dəyərində qızıl və 20 manat pulu gizli yolla talayıb. Qasım əməllərini davam etdirib, 2021-ci ilin iyunun 24-də, iyunun 29-da analoji ideyalarla oğurluğa imza atıb, mənzil sahiblərinin qızıllarını və pullarını oğurlayıb. “Mən iyunun 5-də mənzilin qapısını döydüm. İçəri daxil olub, otaqlara baxmağa başladıqdan sonra ev sahibinə digər otağı ölçmək istədiyimi dedim. Ev sahibinin digər otağa keçməsindən istifadə edib şalvarın cibindən 100 manat pulu götürdüm. Qızılı da oğurladım. Digər oğurluğum isə belə oldu ki, ev sahibinə evinin plana düşdüyünü dedim. Ondan ölçü cihazı gətirməyini istədim. Yanımdan ayrılan kimi şkafın üzərindəki qızılları götürdüm”, - deyə Qasım öz ifadəsində əməllərini etiraf edib. Qasım digər oğurluğunu isə ev sahibindən su istəyərək edib. Ev sahibu su gətirməyə gedəndə, “qəhrəman”ımız otaqda tək olmasından istifadə edərək oğurluğu həyata keçirib. Polisə daxil olan şikayət əsasında iş başlanılıb. Sonra bütün izlər aparıb Qasıma çıxarıb. Məhkəmənin hökmü ilə Qasım Mehdiyev Cinayət Məcəlləsinin 172.2.2-ci maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilib. Aqşin Kərimov Вернуться назад |