Главная > Kriminal / Manset > Erməni terrorçularla bağlı istintaq yekunlaşdı

Erməni terrorçularla bağlı istintaq yekunlaşdı


24-01-2022, 22:42. Разместил: admin
Sabunçu Rayon Məhkəməsinin inzibati binasında terrorçuluqda təqsirləndirilən Ermənistan vətəndaşları - Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin məhkəmə prosesi bu gün davam edib.

"Azadsəs.az" xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə sənədlər tədqiq olunub.

Sənədlərdə qeyd edilib ki, bu iş üzrə təqsirləndirilən şəxslərlə birlikdə tutulan digər dörd nəfər ötən il Ağdam rayonundakı minaların xəritələrinin Ermənistan tərəfindən verilməsi müqabilində qarşı tərəfə təhvil verilib. İşxan Sarqsyanın telefonuna baxış zamanı 2019-cu il çəkilmiş faylda Azərbaycanın Tovuz rayonunun Ağbulaq kəndinin koordinantları müəyyənləşdirilib. Həmin kənddən 40 kilometr məsafədə Əyyublu kəndinin ərazisindən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin stansiyası yerləşir. İşxan Sarqsyanın telefonuna baxış zamanı 2021-ci il mayın 27-də Kəlbəcər rayonun Yuxarı Ayrım kəndinin mina düzülməzdən əvvəl görüntüləri aşkarlanıb.

İş üzrə məhkəmə istintaqı başa çatıb və prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.

Növbəti məhkəmə iclası fevralın 28-nə təyin olunub.

İttihama görə, Ermənistan Müdafiə Nazirliyinin xüsusi təyinatlı kəşfiyyat hərbi hissəsində qrup komandiri Sarqsyan İşxan Aşoti və mühəndis istehkamçı qismində hərbi xidmət keçən Rafaelyan Vladimir Otari 2021-ci il mayın 27-də saat 03 radələrində Azərbaycan Respublikasının dövlət sərhədini Kəlbəcər rayonu istiqamətində təkrarən qanunsuz olaraq keçiblər. Qrup üzvləri Müdafiə Nazirliyinin həmin ərazidə dislokasiya olunmuş bölmələrinin və digər təyinatlı məntəqələrin Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi ərazisindən keçən təminat və digər keçid yollarında minalanma işlərini həyata keçirib.

Bu şəxslərin həmin cinayət əməllərini törətmələri müəyyənləşdirilərək cinayət başında yaxalanıb, Azərbaycan ərazisinə keçirilməsini təşkil etdikləri “TM 62-M” və “E-00-M” tipli ümumilikdə 23 ədəd mina aşkarlanaraq götürülüb.

Hər iki şəxsə Cinayət Məcəlləsinin 214.2.3-cü (Terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228-ci (qanunsuz silah əldə etmə), 318-ci (qanunsuz ölkə sərhədini keçmə), 282-ci (təxribat törətmə) maddələri ilə ittiham elan olunub.
Вернуться назад