Главная > Kriminal / Manset > Azərbaycanda vətəndaşlara ABŞ vizası vədini verən şəxs 17 min manatlıq dələduzluq edib - FOTO

Azərbaycanda vətəndaşlara ABŞ vizası vədini verən şəxs 17 min manatlıq dələduzluq edib - FOTO


1-11-2021, 15:38. Разместил: admin

Lənkəran rayon sakini, 1987-ci il təvəllüdlü Mikayılov Baba Süleyman oğlunun vətəndaşları ABŞ-a iş vizası adı ilə aldatdığı iddia edilir.

Bu barədə Oxu.Az-a zərərçəkmişlər məlumat verib.

Vətəndaşlar bildirib ki, beş nəfəri 17 100 manat miqdarında aldatmış şəxs üç ildir istintaqdan yayınmağı bacarır.

Zərərçəkmiş E.Həsənov, R.Həbibov, S.Şəkərov, Ə.Həsənov və E.Bayramovun sözlərinə görə, Baba Mikayılov 2019-cu ilin mart-aprel aylarında onlara ABŞ-a getmək və orada işə düzəlmək üçün iş vizası rəsmiləşdirməkdə köməklik edəcəyinə söz verib.

Bunun üçün həmin şəxslər 17 100 manat pul alıb. Pul verildikdən sonra o, Sabunçu rayonu ərazisində zərərçəkənlərlə daha bir neçə dəfə görüşüb. Mikayılov hər görüşdə rəsmiləşdirmə prosesinin uzanması ilə bağlı müxtəlif səbəblər bildirib.

O, bu istiqamətdə aktiv iş görüntüsü yaratmaq üçün öz qurbanlarından əlavə sənədlər də toplayıb. Söz verib ki, vizalar tezliklə hazır olacaq və ABŞ-a yollana biləcəklər.

E.Həsənov bildirib ki, Mikayılov ona ABŞ-da mobil telefonların satışı ilə məşğul olan mağazada işlə təmin olunacağı vədini verib. Guya həmin mağaza azərbaycanlı iş adamına məxsusdur. Baba işdən əlavə, E.Həsənovu evlə təmin etməyi də öhdəsinə götürüb:

“Nəhayət anladıq ki, Mikayılovun iş vizalarının rəsmiləşdirilməsilə heç bir əlaqəsi yoxdur. Üstəlik, onun digər insanları da eyni üsulla aldatdığını öyrəndik. Növbəti görüşü gözləyərək biz - beş nəfər pulumuzun qaytarmasını tələb etdik və artıq ona inanmadığımızı dedik. Ancaq o iddia edirdi ki, ona böhtan atırlar”.

Başqa bir maraqlı və gülməli məqam isə zərərçəkənlərə Mikayılovun onları aldatdığını anlamağa kömək edib. E.Həsənov onunla söhbət zamanı söyləyib ki, bir neçə il əvvəl İrana gedib, oradan onu deportasiya ediblər və bu faktın viza almaq üçün problemə çevrilib-çevrilməyəcəyini soruşub.

Əvvəlcə Mikayılov heç bir problem olmayacağını deyərək onu sakitləşdirib. Lakin bir neçə gün sonra o, guya ABŞ-ın Azərbaycandakı səfirliyindən göndərilən məktubu Həsənova verib. Məktubda deyilirdi ki, İrandan deportasiya olunduğuna görə ona iş vizasını verməkdən imtina ediblər.

Yəni fırıldaqçı İranla bağlı məsələdən yararlanaraq “sənədlərin rəsmiləşdirilməsi üzərində fəal iş getdiyini” nümayiş etdirmək və bununla da lüzumsuz get-gələ salmanı əsaslandırmaq üçün istifadə etmək qərarına gəlib. Ancaq Mikayılov gülməli vəziyyətə düşüb, çünki ABŞ və İran arasında düşmənçilik münasibətinin olduğunu təkcə Papua Yeni Qvineyada bilmirlər. ABŞ-a viza verməkdən imtina etmək üçün İrandan deportasiyanı arqument kimi istifadə etmək böyük ağılsızlıq olub.

Bu arada zərərçəkmişlər Mikayılovu hədələyiblər ki, ABŞ səfirliyinə sorğu göndərəcəklər və sözügedən sənədin həqiqətən orada rəsmiləşdirib-rəsmiləşdirilmədiyini öyrənəcəklər. Ancaq Mikayılov onlardan bunu etməmələrini dönə-dönə xahiş edib. Bu görüşdən sonra təqsirləndirilən şəxs zərərçəkmişlərlə əlaqə saxladığı telefonları söndürüb.
Bundan sonra zərərçəkmiş şəxslər Sabunçu Rayon Polis İdarəsinə dələduzluqla bağlı kollektiv şikayət ərizəsi veriblər. Materiallar araşdırılması üçün 13-cü Polis Bölməsinə göndərilib. Amma 2020-ci ilin oktyabr ayında sözügedən bölmənin müstəntiqi Əşrəf Əlizadə zərərçəkmişlərə məhkəməyə mülki qaydada müraciət etməli olduqlarını deyərək, onlara cinayət işini qaldırmaqla bağlı rədd cavabı verib. Üstəlik, bölmədən bildiriblər ki, Mikayılovdan izahat ala bilmirlər, ona görə də onu dələduzluqda ittiham etmək üçün əsas yoxdur.

Zərərçəkmişlərin vəkili Azər Rəsulov müstəntiqin cinayət işi qaldırmaqdan imtina etməsi qərarından şikayət verib. O bildirib ki, cinayət işinin qaldırılmamasının səbəbi gülməlidir və inandırıcı görünmür. Bununla belə, Mikayılovun faktiki yaşayış yerləri Əhmədli və Bakıxanov qəsəbələri (məcburi köçkünlər üçün yataqxanada tanışı Əli Əsədovun yanında yaşayıb) məlumdur. Bir sözlə, müdafiə tərəfi şikayətdə Mikayılovun ola biləcəyi bütün ünvanları göstərib.

Vəkil iddia edir ki, müstəntiq verilən telefon nömrələri ilə onu tapa biləcəyi halda, şübhəli şəxsi axtarmayıb.

Hazırda Baba Mikayılova qarşı dələduzluq faktı üzrə açılan cinayət işi Sabunçu Rayon Polis İdarəsində araşdırılır. Cinayət işinin başlanmasından üç aya yaxın müddət keçsə də, Mikayılovun polisə gətirilməsi hələ də təmin edilməyib.

Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq.

DİN-nin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, daxil olan müraciətlər üzrə Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində istintaq hərəkətləri davam etdirilir:

“İstintaqla əməlin təfərrüatları araşdırılır və müvafiq ekspertizalar təyin edilib. Həmin şəxsin əməlinə aparılan araşdırmalardan və ekspertizaların rəyindən sonra hüquqi qiymət veriləcək”.



Вернуться назад