Ananı uşaqlarının gözü qarşısında öldürən: “O, “səni istəmirəm, mənim yaşadığım var” dedi”
- 14-03-2023, 17:36
- Kriminal
Abşeronda keçmiş arvadını öldürməkdə təqsirləndirilən 1987-ci il təvəllüdlü Ramil Məmmədovun cinayət işinin detalları məlum olub.
Pravda.az xəbər verir ki, ittiham aktında qeyd edilib ki, təqsirləndirilən şəxs xüsusi amansızlıqla qəsdən adam öldürüb, yəni digər şəxsi qəsdən həyatdan məhrum edib.
Belə ki, o, rəsmi nikah münasibətlərində olduğu dayısı qızı, 1996-cı il təvəllüdlü zərərçəkmiş Rəqsanə Məmmədova ilə aralarında ailə-məişət zəminində baş verən mütəmadi mübahisələrə görə Binəqədi Rayon Məhkəməsinin 23 yanvar 2017-ci il tarixli qərarı əsasında onların nikahları pozulub. Bir il sonra yenə də qeyri-rəsmi ailə münasibətlərini davam etdirib. Lakin aralarında eyni zəmində yenidən baş verən mübahisələrə görə 2022-ci ilin fevral ayından müxtəlif mənzillərdə ayrı yaşamalarına baxmayaraq, Ramil 30 may 2022-ci il tarixdə, saat 21:20 radələrində yüngül alkoqol sərxoşluğunun təsiri altında onunla mobil telefonla danışıb. Həmin vaxt - “işdən çıx evə gəl, anam da gedib, birlikdə yaşayaq”, - deyib. Rəqsanə isə - “səni istəmirəm, mənim karyeram var, sən get həyatını qur, mənim yaşadığım var”, - deyə cavab verib. Daha sonra Ramil keçmiş arvadının ona xəyanət etməsini düşünüb qısqanclıq zəminində qadını qəsdən öldürmək qərarına gəlib.
Bu məqsədlə yaşadığı Abşeron rayonu, Xırdalan şəhərindəki mənzilin mətbəxindən bıçağı götürüb Rəqsanənin yaşadığı həmin şəhərin 58-ci və 59-cu binaları arasında bir müddət gözləyib. Sonra o, təxminən saat 22:20 radələrində zərərçəkmiş şəxsin azyaşlı övladları ilə birlikdə gəldiyini görüb. Bu zaman özü ilə gətirdiyi bıçağı çıxarıb Rəqsanəyə yaxınlaşaraq heç bir söz demədən uşaqlarının gözü qarşısında ona 8 zərbə endirib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə Ramil Məmmədov elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib.
O ifadəsində göstərib ki, 2010-cu ildə öz dayısı qızı Rəqsanə ilə Gürcüstanda ailə qurub, 2013-cü ildə isə Bakıya köçüblər. Onların 9 yaşında və 3 yaşında olmaqla 2 uşaqları var. 2017-ci il tarixdə boşanıblar, 1 il ayrı qaldıqdan sonra yenidən barışıb birgə yaşayıblar. Lakin rəsmi nikah bağlamayıblar. Hadisədən 4-5 ay əvvəl valideynləri Gürcüstana qayıdıblar.
08 dekabr 2021-ci il tarixdə atası dünyasını dəyişib, Gürcüstanda dəfn işlərini həll edəndən sonra anasını da Bakıya gətirib. Anasını gətirməmişdən qabaq Rəqsanə ona narazılıq edib. Daha sonra arvadının anası gəlib onu aparıb, Ramilə - “nə vaxt ayrı yaşayacaqsansa, Rəqsanəni gəlib apararsan”, - deyib. İki ay onlar ayrı qalıblar.
Ramil Məmmədovun sözlərinə görə, valideynləri Rəqsanəyə ondan icazəsiz onun qaldığı binanın 1-ci mərtəbəsində kirayə ev tutublar, ofisdə iş tapıblar. 2022-ci il mayın 24-dən 25-nə keçən gecə işə gedəndə Rəqsanənin evdə olduğunu görüb və içəridən səs gəldiyini eşidib. Qalxıb pəncərədən baxanda onun rəfiqəsi ilə birlikdə hansısa kişi ilə danışdığını görüb. Aşağı düşüb ona zəng vurub, əsəbi halda telefonla danışıblar. Bir-iki gün sonra dayısına zəng edib. Dayısı telefonu açmayıb.
O qeyd edib ki, daha sonra özü ona zəng edib - “eşitdim qızımı öldürmək istəyirsən, Rəqsanəni öldür, sənin də, mənim də namusum təmizlənsin”, - deyib. Hadisə olan gün Rəqsanə ona birlikdə yaşadığı şəxs olduğunu, özünə başqa bir həyat qurmaq istədiyini söyləyib. Keçmiş arvadı ilə danışanda onun yanında Seyidzəhra adlı rəfiqəsi olub. Onların mübahisə etdiyini gördükdə Seyidzəhra qaçıb.
Ramil dindirilən zaman Rəqsanəyə 8 bıçaq zərbəsi vurduğunu etiraf edib.
O söyləyib ki, hadisə zamanı oğlu orada olmayıb, Seyidzəhranın bacısının evində olub, sonradan ora gəlib. Hadisə yeri binadan 20-25 metr məsafədə olub. Binanın 7-ci mərtəbəsindən hadisə yerini görmək mümkün olub. Lakin uşağın Rəqsanənin rəfiqəsinin evindən hadisə yerini görməsi qeyri-mümkün olub. Hadisədən qabaq saat 12-13 radələrində evdə spirtli içki qəbul edib.
Məhkəmənin hökmü ilə o, 17 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.