Главная > İqtisadiyyat > İlham Kələşov: "Daşınmaz əmlak bazarındakı qiymət artımı ipoteka kreditlərinin orta məbləğinə təsir edib"

İlham Kələşov: "Daşınmaz əmlak bazarındakı qiymət artımı ipoteka kreditlərinin orta məbləğinə təsir edib"


3-04-2024, 12:08. Разместил: azadses
Azərbaycanın daşınmaz əmlak bazarındakı qiymət artımı İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin orta məbləğinə təsir edib.

“Report” xəbər verir ki, bunu İKZF-nin İpoteka kreditləşməsi üzrə direktoru İlham Kələşov “İctimai TV”də yayımlanan “Biznes Azərbaycan” verilişində deyib.

Onun sözlərinə görə, daşınmaz əmlak bazarındakı qiymət artımına baxmayaraq verilmiş kreditlərin həcmində və sayındakı dinamik artım saxlanılmaqdadır:

“Ekspertlərin verdikləri nəticələrə görə daşınmaz əmlak bazarında 2023-cü ildə 20 %-ə yaxın qiymət artırmı olub. Bu, alınan kreditlərin orta məbləğinə öz təsirini göstərir. Belə ki, əgər 2022-ci ildə orta kredit məbləği 80-82 min manat arası dəyişirdisə, 2023-cü ildə bu məbləğ 89 300 manat olub".

İ.Kələşov bildirib ki, 2024-cü ilin ilk rübündə ötən ilin eyni dövrü ilə müqayisədə verilən ipoteka kreditlərinin həcmində 4,6 %-lik artım qeydə alınıb: "Ümumiyyətlə isə son 3 ildə verilmiş ipoteka kreditlərin məbləği 1,2 milyard manatı ötüb. Həmin dövr ərzində 16 min 400-ə yaxın şəxs öz mənzil şəraitini yaxşılaşdıra bilib”.

İ. Kələşov Azərbaycanda ipoteka kreditlərinin faiz dərəcələrinin və ilkin ödənişin minimum həddinə qoyulan tələbin beynəlxalq təcrübə ilə müqayisədə aşağı olduğunu diqqətə çatdırıb: “Bugünki faiz dərəcələri həm beynəlxalq təcrübədə həm də iqtisadi inkişaf səviyyəsi Azərbaycana uyğun olan ölkələrdə tətbiq olunan faizlərdən daha aşağıdır. Eynisini ilkin ödənişlə bağlı da demək olar. Bizdə adi ipoteka üzrə ilkin ödəniş 15 % təşkil etdiyi halda beynəlxalq təcrübədə bu göstərici 20-30 % bəzi ölkələrdə isə hətta 35-40 % həddində olur. Yəni bizdə ilkin ödəniş daha aşağıdır. İlkin ödənişin məbləği ilə bağlı bizə elə bir şikayətlərin, sorğuların daxil olmaması özü də bunu təsdiq etmiş olur”.


Вернуться назад