Главная > İqtisadiyyat > Maliyyə Monitorinqi Xidmətinin büdcəsi 10 % azalıb
Maliyyə Monitorinqi Xidmətinin büdcəsi 10 % azalıb7-07-2023, 12:31. Разместил: azadses |
Maliyyə Monitorinqi Xidməti (MMX) 2022-ci ildə 2,751 milyon manat gəlir əldə edib. “Report” xəbər verir ki, bu, 2021-ci ilə nisbətən 9,7 % azdır. Ötən il MMX-nın xərci və onun dinamikası da elə bu qədər olub. O cümlədən qurumun insan resursları üzrə xərcləri 2,44 milyon manat (illik müqayisədə 8,9 % az), köhnəlmə və amortizasiya xərcləri 120 min manat (2,6 % çox), inzibati xərcləri 189 min manat (24,4 % az), məzənnə fərqindən zərəri isə 1 min manat (18,8 % az) təşkil edib. Bu il yanvarın 1-nə MMX-nın aktivləri 8,014 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 1,6 % çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 2,7 % artaraq 4,787 milyon manata çatıb, balans kapitalı isə dəyişməyərək 3,227 milyon manat olub. Xatırladaq ki, MMX ölkə prezidentinin 25 may 2018-ci il tarixli fərmanı ilə yaradılıb, dövlət başçısının 18 iyul 2018-ci il tarixli fərmanı ilə isə qurumun nizamnaməsi və strukturu təsdiq edilib. Onun nizamnamə kapitalı 10 min manatdır. Xidmətin əsas məqsədi cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin, əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq üçün qanunla müəyyənləşdirilmiş tələblərə riayət olunmasına nəzarət etmək, bu sahədə vahid tənzimləməni həyata keçirmək, monitorinq iştirakçılarının, nəzarət və digər dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək, şəffaflığı və səmərəliliyi təmin etməkdir. Вернуться назад |