Главная > İqtisadiyyat > “Moody's” AIIB-yə özəl sektorun kreditləşməsinin artım tempini azaltmağı tövsiyə edir
“Moody's” AIIB-yə özəl sektorun kreditləşməsinin artım tempini azaltmağı tövsiyə edir28-04-2023, 12:29. Разместил: azadses |
Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) 2022-ci ilin sonunda kredit portfelinin təxminən 11 %-ni təşkil edən özəl sektor borcalanlarının payının 2032-ci ilə qədər kredit portfelinin təxminən üçdə birinə çatacağını gözləyir. “Report” xəbər verir ki, bu barədə “Moody's Investors Service” beynəlxalq reytinq agentliyinin xarici valyutada uzunmüddətli emitent reytinqinin və AIIB-nin yüksək təminatsız reytinqinin “Aaa” səviyyəsində təsdiqlənməsi ilə bağlı hesabatında deyilir. “Belə dəyişiklik kredit keyfiyyətinə və bütün kredit portfelinin fəaliyyətinə mənfi təsir göstərə bilər”, - agentlik qeyd edir. “Moody's” inkişaf etməkdə olan ölkələrdə özəl sektora kredit verilməsini suveren kreditlərin verilməsindən daha riskli hesab edir. Bununla belə, agentlik hesab edir ki, belə bir keçid bankın proqnozlaşdırdığından daha uzun çəkə bilər. Hesabata əsasən, bank inkişafla əlaqəli aktivlər portfelini növbəti üç il ərzində orta hesabla illik təxminən 16 % və 2023-2028-ci illər arasında təqribən iki dəfə artırmağı hədəfləyir. “Moody's” likvidlik göstəricilərinin hazırkı yüksək səviyyələrdən zəifləyəcəyini, amma yüksək və ehtiyatla idarə olunan səviyyədə olacağını gözləyir. Xatırladaq ki, Azərbaycanın Asiya İnfrastruktur İnvestisiya Bankının kapitalında iştirak payı 0,26 % təşkil edir. Azərbaycanın bankdakı payı nominal ifadədə 254 milyon ABŞ dollar təşkil edir. AIIB 2015-ci il iyunun 29-da yaradılıb və bununla bağlı Pekində 57 ölkə saziş imzalayıb. Azərbaycan tərəfdən sazişi maliyyə naziri Samir Şərifov imzalayıb. Rəsmi Bakının üzvlüyü 2016-cı il iyunun 24-də ratifikasiya olunub. Bank 2017-ci ildə Trans-Anadolu Qaz Boru Kəməri layihəsini 600 milyon ABŞ dolları məbləğində maliyyələşdirib, “COVID-19-a aktiv müdaxilə və xərclərə dəstək” proqramı çərçivəsində Azərbaycana 2021-ci ildə 350 milyon ABŞ dolları ayırıb. Вернуться назад |