Главная > İqtisadiyyat > SOCAR AQŞ qabaqcıl texnologiyanı Azərbaycana gətirib
SOCAR AQŞ qabaqcıl texnologiyanı Azərbaycana gətirib7-02-2023, 11:47. Разместил: admin |
Kompleks qazma və quyu xidmətlərinin idarə edilməsi şirkəti olan SOCAR Abşeron Qazma Şirkətinin (AQŞ), tarixində ilk dəfə olaraq quruda qazma xidmətlərini icra etmək üçün beynəlxalq istehsalçıya məxsus müasir qazma qurğusunu Azərbaycana gətirib. Bu, SOCAR AQŞ-nin həm ölkə daxilində, həm də xaricdə müştərilərinin mürəkkəb layihələrini və əməliyyatlarını həyata keçirmək üçün ən son texnologiyaların və yeni idarəetmə üsullarının tətbiqi üzrə çoxillik təcrübəsinə əsaslanır. Quruda qazma əməliyyatlarının həyata keçirilməsi Azərbaycanın enerji sənayesi və iqtisadiyyatı üçün mühüm əhəmiyyətə malikdir. Belə ki, bu qurğu vasitəsilə yeni qazma layihələri ilə yanaşı, uzun müddət istismarda olan yataqlarda qalıq neft-qaz ehtiyatının əlavə quyuların qazılması hesabına çıxarılması mümkündür. Həmçinin hələ də öyrənilməyə ehtiyac olan sahələrdə kəşfiyyat və axtarış quyularının qazılması da geoloji baxımdan daha əlverişli olacaq. SOCAR AQŞ-nin Baş direktoru Samir Mollayev qeyd edib ki, yeni texnologiyanın tətbiqi neft hasilatının artırılmasına imkan verəcək: “Qazma sənayesində bu cür yeni texnika və texnologiyaların tətbiqi böyük inhiraflı quyuların qazılmasına, kern nümunələrinin götürülməsi və analizinə, geoloji-geofiziki tədqiqatların aparılmasına və yatağın işlənmə modelinə müsbət təsir göstərəcək. Bu da öz növbəsində neft hasilatının artırılmasına təkan verəcək”. 15 illik təcrübəyə sahib olan və bu günə qədər 140-dan çox quyunun qazılmasını həyata keçirən SOCAR AQŞ, ölkənin qazma sənayesində innovativ yanaşmalar tətbiq etməyə, eləcə də təhlükəsiz və etibarlı həllər təqdim etməklə uğurlu fəaliyyətinə davam edəcək. Вернуться назад |