Главная > İqtisadiyyat > SOCAR 2021-ci ili yüksək göstəricilərlə başa vurub

SOCAR 2021-ci ili yüksək göstəricilərlə başa vurub


7-07-2022, 18:16. Разместил: admin
Həyata keçirilən optimallaşdırma və texnoloji transformasiya tədbirləri nəticəsində SOCAR 2021-ci ildə əməliyyat effektivliyini əhəmiyyətli dərəcədə artırmağa nail olub.

SOCAR-dan bildirilib ki, şirkətin ümumi dövriyyəsi 56,3% artaraq 77,5 milyard manata çatıb. Hesabat dövründə SOCAR-ın gəlirlərinin artmasına müəssisələrin inteqrasiyalı fəaliyyəti, rəqəmsal enerji texnologiyalarının yaratdığı əlavə dəyər, həmçinin dünya bazarında neft, qaz və neft-kimya məhsullarının qiymətlərinin yüksəlməsi səbəb olub.

Beləliklə, SOCAR gəlir marjasını 10,2%-dən 11,4%-ə, əməliyyat mənfəətini isə 10,3 dəfə artıraraq 4,93 milyard manata yüksəldib və 2021-ci ili 2,12 milyard manat xalis mənfəətlə başa vurub. Qeyd edək ki, bu, şirkətin konsolidasiya olunmuş maliyyə hesabatlarının hazırlanmağa başladığı 2008-ci ildən etibarən ən yüksək göstəricidir.

Gəlirin əsas hissəsi xam neft və neft məhsullarının satışından əldə edilib.

Pandemiya dövrünün çətinliklərinə baxmayaraq, Petkim və STAR NEZ-in inteqrasiyalı fəaliyyəti nəticəsində yaradılan güclü sinerji ilə hər iki müəssisə fasiləsiz istehsal prosesinə nail olub, rəqabət qabiliyyətini artırıb. 2021-ci ildə “Petkim” və STAR NEZ-də istehsal potensialından istifadə əmsalı müvafiq olaraq 92,6% və 100,8%-ə yüksəlib. Bununla yanaşı, “SOCAR Polymer” və “SOCAR Karbamid” zavodlarının ümumi istehsal həcmi müvafiq olaraq 44% və 197,3%, ixrac gəlirləri isə 152% və 11 dəfədən çox artıb. Müəssisələrin istehsal əməliyyatlarında tətbiq edilən rəqəmsal texnologiyalar əməliyyat effektivliyinin və gəlir marjalarının yüksəlməsinə əhəmiyyətli təsir göstərib.

Hesabat ilində SOCAR-ın cari aktivləri 31,1% artaraq 23,9 milyard manata çatıb, cari öhdəlikləri isə 1,6% azalaraq 20,3 milyard manatadək azalıb. Şirkətin ümumi aktivləri 8,1%-lik artımla 69,4 milyard manata yüksəlib.

SOCAR-ın cəmi kapitalında və nağd pul vəsaitlərinin həcmində də artım tendensiyası müşahidə olunub. Belə ki, SOCAR-ın cəmi kapitalı 3,8% artaraq 22,75 milyard manata, nağd pul vəsaitləri isə 46,5% artaraq 9 milyard manata yüksəlib.

Qeyd edək ki, şirkətin 31.12.2021-ci il tarixinə hazırlanmış maliyyə hesabatına nüfuzlu beynəlxalq audit şirkəti olan “Ernst & Young Holdings (CIS) B.V.” tərəfindən müsbət rəy verilib.

Hesabatla bu keçid vasitəsilə tanış olmaq mümkündür.
Вернуться назад