Главная > İqtisadiyyat > Biznesin innovasiyalılığı nə verir?

Biznesin innovasiyalılığı nə verir?


16-05-2022, 15:23. Разместил: admin
Qlobal çağırışlar iqtisadiyyatın və bütün sosial həyatın intellektuallaşdırılmasını tələb edir. Hazırkı dövrdə cəmiyyətin inkişafında elm və təhsilin rolu, istehsalatda innovativ əməyin önəmi güclənir. İnnovasiya yüksək səmərəlilik və tərəqqi məqsədilə tətbiq edilən yenilikdir.

Azadsəs.az -ın məlumatına görə, iqtisadi sahədə innovasiya səmərəliliyin artırılmasına yönəldilmiş yeni texnologiyaların tətbiqi ilə xarakterizə olunur. İnkişaf etmiş ölkələrdə insan kapitalı innovasiyayönümlü milli biznesin formalaşmasında vacib yer tutur.

Təsadüfi deyildir ki, Azərbaycanda da idarəetmə sahəsində daim təkmilləşmə və effektivlik, iqtisadi inkişafda innovativlik əsas götürülərək insan kapitalının, kadr potensialının formalaşması, bacarıqlı kadrların önə çıxarılması məqsədilə yeni layihələr həyata keçirilməkdədir. İnsan kapitalının məqsədyönlü inkişafı ilə yanaşı, bu kapitaldan qeyri-neft sektoru və özəl bölmənin inkişafı üçün daha səmərəli istifadə etmək məqsədilə mühitin əlverişliliyi artırılır.

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də ölkənin texniki-iqtisadi gücünün daha da artırılması, milli məhsulların keyfiyyətinin və rəqabət qabiliyyətinin yüksəldilməsi, istehsal sahələrinin innovativ inkişafına dövlət dəstəyinin gücləndirilməsi tədbirləri nəzərdə tutulur.

Ölkəmizdə mütəmadi olaraq, özəl sektorun qeyri-neft iqtisadiyyatına investisiya qoyuluşunu stimullaşdırmaq məqsədilə əlverişli biznes mühitinin davamlı şəkildə təkmilləşdirilməsi və institusional əsaslarının gücləndirilməsi işləri aparılır. Bunlarla yanaşı, innovativ milli biznesin inkişafında xarici bazarlara çıxış məqsədilə azad və preferensial ticarət sazişlərinin rolu önəmlidir.

Məlum olduğu kimi, azad ticarət idxal və ixracın ümumiyyətlə dövlətin müdaxiləsi olmadan həyata keçirilməsini nəzərdə tutan iqtisadi siyasətdir. Preferensial ticarət sayəsində isə malların hərəkətində gömrük taariflərinin azaldılması və ya ləğvi imkanlarının yaradılmasını hədəfləyir.
Ölkədə innovativ biznesin formalaşması və inkişafı məqsədilə dövlət tərəfindən innovasiyaların təşviqini stimullaşdıran fəaliyyət proqramları hazırlanır, elmi araşdırmalar aparılır, geniş diapazonlu bilik şəbəkəsi yaradılır və onun yaradıcı imkanlarından istifadə olunur.

Müvafiq dövlət proqramlarının qəbul olunması, institusional dəstək mexanizmlərinin yaradılması kiçik və orta biznesin (KOB) inkişafına hüquqi-iqtisadi baza yaradıb. Göstərilən müxtəlif dəstək tədbirləri – güzəştli kreditləşdirmə, maarifləndirmə, bilik və bacarıqların artırılması, dövlət və özəl qurumlarla əlaqələndirmə, KOB maraqlarının müdafiəsi, sahibkarların məhsul və xidmətlərinin yerli və xarici bazarlara çıxışına dəstək, daxili bazar araşdırması, KOB-ların təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrinin maliyyələşdirilməsi, startaplara müddətli vergi güzəştlərini ehtiva edən şəhadətnamələrinin verilməsi və s. bu baxımdan xüsusilə qeyd edilə bilər.

Yaxud Sahibkarlığın İnkişafı Fondu tərəfindən biznesə yeni dəstək mexanizminin tətbiqinə başlanılıb. Bu mexanizm çərçivəsində minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarlara banklar və digər kredit təşkilatları tərəfindən verilmiş kreditlər üzrə faizlərin subsidiyalaşdırılması nəzərdə tutulur. Yeni mexanizm ölkədə antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarlara dəstək göstərilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən tətbiq olunur.
Qərara əsasən, sahibkarlıq subyektlərinə 2022-ci ildə verilən, müddəti və faiz dərəcəsindən asılı olmayaraq, məbləği hər bir sahibkarlıq subyekti üzrə 3 milyon manatadək olan kreditlərin faizlərinin 10% bəndinə qədər hissəsi 12 ayadək subsidiyalaşdırılacaqdır. Bir sözlə, qərar hazırkı qlobal qiymət artımının və dünyada ərzaq bahalaşmasının Azərbaycan vətəndaşının güzəranına təsirlərinin neytrallaşdırılmasına xidmət edir.

Qeyd edilənlər innovativ milli biznesin inkişafına, bu sahədə iqtisadi hədəflərin reallaşmasına, yeni məhsul istehsalı və ixracına yeni imkanlar açır. Xüsusilə, qeyri-neft sektorunun inkişafında və iqtisadiyyatın şaxələndirilməsində innovasiyayönümlü məhsulların istehsalına daha çox investisiya qoyuluşları nəzərdə tutulur.

Bununla yanaşı, aqrar bölmədə də istehsal olunan kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətinin və ixracının artırılması məqsədilə innovasiya resurslarından daha geniş formada istifadə olunmalıdır. Göstərilən innovativ tədbirlərin reallaşmasında maliyyə mənbəyi kimi xarici və daxili özəl investisiya imkanlarından səmərəli istifadə əsasdır.

Bunun üçün sərmayələr daha çox qeyri-neft sektorunun inkişafına yönəldilməli, innovasiyayönümlü prioritet sahələrin inkişafına diqqət daha da artırılmalı, müasir texnologiyaların tətbiqi istiqamətində investisiya qoyuluşları daha çox təşviq edilməlidir.

Bu məsələdə iş adamlarının, yeni biznesə başlayanların da təşəbbüsləri artırması, dövlətin dəstək tədbirlərindən lazımınca faydalanması, daha kreativ və yenilikçi olması ölkədə biznesin səmərəliliyini artırmağa kömək etmiş olardı...

Qazanan isə, həm biznes olacaq, həm də dövlət. Deməli, innovasiyaya, qabaqcıl texnologiyalara daha geniş vermək lazımdır.
Вернуться назад