Главная > İqtisadiyyat / Manset > Heyrətamiz “tender oyunu” – ARAŞDIRMA

Heyrətamiz “tender oyunu” – ARAŞDIRMA


6-02-2022, 13:27. Разместил: azadses
Ekspertlər deyirlər ki, dövlət satınalmaları sahəsində açıq tenderlərin daha şəffaf, hesabatlı, ölkənin iqtisadi zərurətinə cavab verən şəkildə keçirilməsi üçün mütəşəkkil qanunvericilik bazasının yaradılmasına böyük ehtiyac var.

Yeni yaranan, təcrübəsi olmayan, ya da eyni ünvanda bir şəxsin adına qeydiyyatı olan şirkətlərin dövlət qurumlarının elan etdiyi tenderlərdə qalib olması faktlarına dəfələrlə rast gəlirik. Nəinki yeni yaranan, təcrübəsi olmayan, bir çox hallarda fərqli sahədə ixtisaslaşan şirkətlər fəaliyyət növü ilə əlaqəsi olmayan tenderlərdə qalib gəlir. Ümumiyyətlə, tender müsabiqələri ilə bağlı narazılıq artsa da, “tender oyunu” adı altında belə xəbərlərlə tez-tez rastlaşırıq.

Və hətta elə olur ki, cəmisi bir gün əvvəl qeydiyyatdan keçən şirkət bir gün keçirilən tenderi qazanır. Dövlət vəsaiti hesabına keçirilən satınalmalardakı problemlərin hələ də həll olunmaması nəticəsində vəsaitlər mənimsənilir, real rəqabət olmadığı üçün ortada keyfiyyətli iş də olmur. Bəs nə üçün tenderdə yeni şirkətlərin qalib gəlməsi ənənə halını alıb? Bu cür halların aradan qaldırılması üçün hansı işlər görülməlidir?

Mövzu ilə bağlı Kaspi qəzetinin araşdırmasını təqdim edirik.

“Tenderdə iştirak üçün məhdudiyyət yoxdur”

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin şöbə müdiri Əhməd Həsənov deyir ki, “Dövlət satınalmaları haqqında” Qanunda şirkətin yaranma tarixindən asılı olaraq tenderdə iştirak etmək üçün hər hansı məhdudiyyət nəzərdə tutulmayıb: “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin tenderdə iştirakına şərait yaradılması məsələsinə gəlincə isə həmin Qanunun 50-1-ci maddəsində göstərilir ki, ehtimal olunan qiyməti 3 milyon ABŞ dollarının manat ekvivalentində və ya ondan aşağı olan malların (işlərin, xidmətlərin) satın alınması yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə, açıq tender və ya kotirovka sorğusu üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilir”.

Ə.Həsənov borcu olan şirkətin tenderin qalibi elan edilməsi ilə bağlı da məlumat verib: “Qalib elan edilə bilər. Burada əsas tələb qalib şirkətin ”Dövlət satınalmaları haqında” Qanunun 6.2.5-ci maddəsinə əsasən, Azərbaycanda vergilərə və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərinin olmamasıdır. Sahibkarlıq subyektlərində cari borcların olması tenderdə iştirak və qalib elan olunmaq üçün məhdudiyyət yaratmır”.

Aşkar edilən nöqsanlar

Hesablama Palatası isə dövlət satınalmaları sahəsində problemlərin hələ də davam etdiyini bildirib. Palatanın hesabatında bildirilir ki, müxtəlif qurumlarda aparılan auditin nəticələri göstərib ki, dövlət satınalmaları sahəsində aşkar edilmiş nöqsanlar arasında büdcə qanunvericiliyinin və dövlət satınalmalarını tənzimləyən hüquqi aktların tələblərinin pozulması, həmçinin mühasibat uçotu və hesabatlılıqla bağlı nöqsanların payı yüksək olub. Bundan başqa, palata aşkar edib ki, bəzi qurumlar müxtəlif növ tədbirlər üzrə qüvvədə olan normativlərə əməl etmədikləri üçün artıq xərclər yaranır. Bəzi hallarda qeyri-büdcə gəlirlərinin əldə edilməsi üçün zəruri tədbirlər görülmədiyinə görə dövlət büdcəsindən əlavə vəsaitlərə tələbat və istifadəyə yol açılır. Palatanın diqqət çəkdiyi digər maraqlı məqam odur ki, bəzi hallarda qurumun vəzifə və funksiyalarına aid olduğu halda, həmin işlərin yerinə yetirilməsi üçün kənar təşkilatlarla satınalma müqavilələri bağlanılır və icra edilir.

“Tenderi məmurlara bağlı şirkətlər udur”

İqtisadçı ekspert Xalid Kərimlinin fikrincə, tenderlərdə şəffaflığın artırılması istiqamətində son illər tədbirlər həyata keçirilsə də, neqativ halları aradan qaldırmaq mümkün olmayıb. Ekspertin sözlərinə görə, qaydalar nə qədər ədalətli, şəffaf olsa da, bunu tətbiq edən müxtəlif məmurların, qurumların, qərar qəbul edən şəxslərin neqativ maraqları olur və prosesdən pul qazanmaq, dövlət büdcəsinin resurslarını mənimsəmək istəyirlər: “Tenderdə şəffaflığın artırılması son illər yaxşılaşsa da, problemlər aradan qalxmayıb. Burada müxtəlif yollarla spesifikasiyalar, qərarların qəbulu zamanı müxtəlif meyarlara əsaslanma, spesifikasiyaların bilərəkdən çətin formalaşdırılması, hətta arzulanmayan şirkət tenderin qalibi olursa, o tenderin nəticələrinin əsassız olaraq ləğvi, şirkəti özlərinə tabe etdirmək cəhdləri, onların ödənişlərinin gecikdirilməsi, aktlarının imzalanmaması geniş yayılmış praktikadır. Burada bir çox hallarda, təəssüf ki, məmurlara bağlı şirkətlərin tenderi udması faktları da olur. Bu da biznes mühitinə mənfi təsir göstərən amillərdən biridir”.

“Bu, rəqabəti çətinləşdirir”

Ekspert vurğulayır ki, neqativ halların aradan qaldırılması üçün tenderdən narazı qalan şirkətlərinin şikayətlərinin operativ sürətli həlli mexanizmləri olmalıdır: “Məmurların tenderdə ədalətli şəkildə seçilən, amma arzu olunmayan şirkəti müxtəlif üsullarla tenderdən kənarda qoyması bu sahə ilə bağlı neqativ fikir formalaşdırır, şirkətləri bu prosesdən kənarlaşdırır. Bu, rəqabəti çətinləşdirir, uğurun meyarlarını pisləşdirir və resursların səmərəsiz istifadəsinə, dövlət büdcəsinin mənimsənilməsinə gətirib çıxarır”.

Satın alan təşkilatın xeyrinə olan müddəalar...

İqtisadçı ekspert Eldəniz Əmirov deyir ki, dövlət satınalmaları haqqında qanunda kifayət qədər boşluqlar var: “Dövlət büdcəsində xərc hissənin reallaşması, büdcə vəsaitlərinin xərclənməsi üçün istifadə olunan istiqamətlərdən biri də, məhz dövlət satınalmalarıdır. Ona görə də dövlət satınalmaları sahəsində açıq tenderlərin daha şəffaf, hesabatlı, ölkənin iqtisadi zərurətinə cavab verən şəkildə keçirilməsi üçün mütəşəkkil qanunvericilik bazasının formalaşdırılmasına böyük ehtiyac var. Çünki dövlət satınalmaları haqqında qanunda kifayət qədər boşluqlar, satın alan təşkilatların öz xeyirlərinə qərar qəbul etməsi üçün müəyyən müddəalar mövcuddur”.

“Ölkədən valyuta çıxışına zəmin yaranır”

Ekspert vurğulayır ki, Satınalmalar haqqında Azərbaycan Respublikasının qanununa yeni müddəaların daxil olunmasına böyük ehtiyac var. Eləcə də, satınalmalarla bağlı elektron portal təkmilləşdirilməlidir: “Dövlət satınalmaları istiqamətində yeni hüquqi bazanın yaradılmasına böyük ehtiyac duyulur. Dövlət satınalmaları şəffaf və rəqabətli bir mühitdə formalaşmayanda ölkədən valyuta çıxışına zəmin yaranır”.

Məlumat üçün onu da bildirək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsinin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığın olması lazımdır.


Вернуться назад