Главная > İdman > Nazim Babayev: "Olimpiadaya vaxtından əvvəl lisenziya qazanmağa çalışacağam"

Nazim Babayev: "Olimpiadaya vaxtından əvvəl lisenziya qazanmağa çalışacağam"


22-01-2024, 20:23. Разместил: azadses
"Paris-2024 Yay Olimpiya Oyunlarına vaxtından əvvəl lisenziya qazanmağa çalışacağam".

Bunu "Report"a açıqlamasında Çexiyanın Yablonets nad Nisou şəhərində keçirilən Dünya Atletikasının bürünc səviyyəli turnirində gümüş medal qazanan Azərbaycan atleti Nazim Babayev deyib.

Uzunluğa tullanma növündə fərqlənən 26 yaşlı idmançı yanvarın 20-də baş tutan yarışın onun üçün normal keçdiyini bildirib: "Düzünü desəm, istədiyim kimi çıxış edə bilmədim. Daha yaxşı nəticə göstərə bilərdim. Müəyyən səbəblərə görə ilk iki cəhdim alınmadı. Ondan sonra isə özümü tam toparlaya bilmədim. Amma 7.51 metrlik nəticə gümüş mükafat qazanmağıma kifayət etdi. Bundan daha artığına hazır idim. İnanıram ki, qarşıdakı turnirlərdə daha yaxşısını bacaracağam".

Babayev qarşıdakı hədəfləri və olimpiada perspektivindən söz açıb: "Yanvarın 26-da Azərbaycan çempionatına qatılacağam. Sonra fevralın 13-də Serbiyanın paytaxtı Belqradda keçiriləcək Qran-pridə mübarizə aparacağıq. Bunların hamısı lisenziya xarakterlidir. Dünyada ilk "32-lik"də yer alsaq, olimpiadada iştirak edəcəyik. 8,27 metrlik nəticə göstərməklə də bunu bacarmaq olar. Bunu isə vaxtından əvvəl əldə etmək istəyirəm".

O, Azərbaycan çempionatında fərqlənənlərin martın 1-3-də Şotlandiyanın paytaxtı Qlazqoda təşkil olunacaq qış Avropa çempionatına qatılacağını vurğulayıb.


Вернуться назад