Главная > İdman > “Neftçi”nin sabiq rəsmisi: “Komanda Bojoviçin rəhbərliyi altında hücuma daha çox can atırdı”

“Neftçi”nin sabiq rəsmisi: “Komanda Bojoviçin rəhbərliyi altında hücuma daha çox can atırdı”


22-01-2024, 17:07. Разместил: azadses
“Neftçi” Miodraq Bojoviçin rəhbərliyi altında “Sabah”la oyunda hücuma daha çox can atırdı, irəlidə pressinq etməyə çalışırdı”.

Bunu “Report”a açıqlamasında “Neftçi”nin sabiq futbolçusu və idman direktoru Ceyhun Sultanov komandanın yeni baş məşqçi Miodraq Bojoviçin başçılığı ilə “Sabah”a qarşı keçirilən Azərbaycan Premyer Liqasının XIX turunun oyunu ilə bağlı danışarkən deyib.

44 yaşlı mütəxəssisin fikrincə, qolsuz başa çatan qarşılaşmada “ağ-qaralar”ın çıxışında bəzi fərqlər hiss edilib: “Oyun baxımından ciddi dəyişiklik olmasa da, komandada hücum etmək istəyi var idi. Amma top itkiləri həddən artıq çox idi. Açığı, düşünülmüş hücumlar da görmədim. Onu deyə bilərəm ki, “Sabah”ı yaxşı təhlil etmişdilər. Uzun ötürmələrlə topu müdafiənin arxasına atırdılar ki, orada boşluqlar tapsınlar”.

Ceyhun Sultanov monteneqrolu çalışdırıcının işinə qiymət vermək üçün hələ tez olduğunu düşünür: “Baş məşqçinin fəlsəfəsini kollektivə aşılaması üçün bir az zamana ehtiyacı var. İndidən nəsə demək üçün tezdir. Nəzərə alaq ki, təlim-məşq toplanışından sonra Bojoviçin ilk rəsmi matçı idi. Toplanışdan qayıtdıqları üçün futbolçular da hələ tam hazır deyillər. Bir az vaxt keçdikdən sonra Bojoviçin işinə qiymət vermək olar”.

Qeyd edək ki, qış fasiləsində rumıniyalı Adrian Mutu ilə yollarını ayıran “Neftçi” baş məşqçi postuna Miodraq Bojoviçi gətirib. Paytaxt təmsilçisi Premyer Liqada növbəti oyununu XX tur çərçivəsində yanvarın 28-də “Qəbələ”yə qarşı keçirəcək.


Вернуться назад