Главная > İdman > “Neftçi”nin estoniyalı sabiq futbolçusu: “Azərbaycanla oyunda 3 xala ümid edirəm” - MÜSAHİBƏ
“Neftçi”nin estoniyalı sabiq futbolçusu: “Azərbaycanla oyunda 3 xala ümid edirəm” - MÜSAHİBƏ13-10-2023, 21:04. Разместил: azadses |
Futbol üzrə Azərbaycan millisi bu gün AVRO-2024-ün seçmə mərhələsində Estoniyanın qonağı olacaq. VII tur ərəfəsində hər iki komanda 1 xalla F qrupunda 4-5-ci yerləri bölüşdürür. Vaxtilə Azərbaycanda çıxış etmiş azsaylı estoniyalı futbolçulardan olan Dmitri Kruqlov Tallindəki qarşılaşmadan öncə komandaların şanslarını dəyərləndirib. “Neftçi”, “İnter” (indiki “Şamaxı”) və “Rəvan”ın formasını geyinmiş 39 yaşlı mütəxəssis “Report”un suallarını cavablandırıb. - Azərbaycan çempionatını izləyirsiniz? - Xeyr, təəssüf ki, oyunlara baxa bilmirəm. Sadəcə, nəticələrə baxıram, ümumi mənzərədən xəbərdaram. - Sabiq komandanız “Neftçi”nin son 10 ildə cəmi bir çempionluğu var. Sizcə, bu, “Qarabağ”ın daha güclü olmasından, yoxsa “ağ-qaralar”dakı çoxsaylı dəyişikliklərdən qaynaqlanır? - Nədən qaynaqlandığını dəqiq deyə bilmərəm. Vəziyyəti daxildən bilmədən şərh etmək çətindir. “Qarabağ” uzun müddətdir ki, sabit və uğurlu çıxış edir. Ancaq Ramin Musayev və Sadiq Sadıqovun rəhbərliyi dönəmindəki “Neftçi” çox güclü idi. - Artıq 10 ilə yaxındır ki, Azərbaycandan ayrılmısınız. Burada keçirdiyiniz illəri necə xatırlayırsınız? - Orada keçirdiyim son il uğursuz oldu. Bu barədə danışmaq istəmirəm. Ancaq ümumilikdə yalnız isti xatirələr qalıb. Orada azarkeşlər futbolu sevirlər, ölkə çox qonaqpərvərdir. - Estoniya millisinin futbolçusu Erik Sorqa “Sumqayıt”da çıxış edir. O, təklif alanda sizdən məsləhət istəyib? - Xeyr, mənimlə bu keçidi müzakirə etməyib. İndi hansısa çempionat barədə məlumat toplamaq o qədər də çətin deyil. İnternet vasitəsilə, demək olar ki, hər şeyi öyrənmək olur. - Hazırda Azərbaycan Premyer Liqasında cəmi bir estoniyalı futbolçu var. Sayın belə az olması nə ilə əlaqədardır? - Bunu demək çətindir. Ola bilsin ki, futbolçuların səviyyəsi və keyfiyyəti ilə əlaqədardır. - Bu gün Azərbaycan və Estoniya milliləri AVRO-2024-ün seçmə mərhələsində qarşılaşacaqlar. Oyundan nə gözləyirsiniz? - İlk növbədə komandamızdan yaxşı futbol gözləyirəm. Ümid edirəm ki, Estoniya öz meydanında 3 xal qazana biləcək. - Hər iki yığmanın hesabında 1 xal var və bunu Bakıda baş tutan oyunda əldə ediblər. Həm Estoniya, həm də Azərbaycan millisinin uğursuz çıxışının səbəbini nədə görürsünüz? - Bütün matçları tək-tək dəyərləndirmək lazımdır. Azərbaycan barədə mühakimə yürütmək istəmirəm. Amma Estoniyanın çıxışına münasibət bildirə bilərəm. Haradasa bəxtimiz gətirmədi. Məsələn, Avstriya ilə səfər görüşündən xalla dönmək mümkün idi. Komandamız orada yaxşı çıxış etmişdi. Вернуться назад |