Главная > İdman > Azərbaycan futbolunun tarixi gecəsi – ŞƏRH
Azərbaycan futbolunun tarixi gecəsi – ŞƏRH10-08-2023, 21:46. Разместил: azadses |
Bu gün Azərbaycanın 3 komandası avrokuboklarda növbəti oyunlarını keçirəcəklər. Premyer Liqanın ötən mövsümünün mükafatçıları doğma azarkeşləri önündə imtahan verəcəklər. Bu, Azərbaycanın futbol tarixində bir ilkdir. Çünki indiyədək 3 komandamız eyni gündə Bakıda oyuna çıxmayıblar. Bunun səbəbi isə UEFA-nın məlum qərarıdır. Əslində isə “Neftçi” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Beşiktaş”a qarşı ilk matçını Türkiyədə keçirməli idi. Amma qitə futbol qurumu “Fənərbağça”nın da eyni gündə İstanbulda oynayacağını nəzərə aldı və nəticədə bu cür durum yarandı. Son çempion “Qarabağ” UEFA Avropa Liqasının III təsnifat mərhəlisinin ilk oyununda HİK ilə münasibətləri aydınlaşdıracaq. Qitə turnesinə UEFA Çempionlar Liqasından başlayan Qurban Qurbanovun komandası bu turnirdə mübarizəni ötən həftə dayandırıb. İlk raundda Cəbəllütariq çempionu “Linkoln”u iki oyunun nəticəsinə (2:1, 4:0) görə üstələyən “köhlən atlar” “Rakuv” səddində ilişib. Polşada baş tutan ilk qarşılaşma rəqibin qələbəsiylə bitmişdi – 3:2. Bakı Olimpiya Stadionunda baş tutan cavab matçında isə bu məğlubiyyətin əvəzini çıxmaq mümkün olmamışdı. 1:1 hesabı Polşa təmsilçisinin qitənin ən nüfuzlu klub turnirində mübarizəni davam etdirməsini şərtləndirmişdi. Etiraf etmək lazımdır ki, yeni mövsüm ərəfəsində bir neçə aparıcı futbolçularını itirən “Qarabağ”, buna rəğmən, oyun planında heç də “Rakuv”dan geri qalmamışdı. Sadəcə, təhlükəli epizodların lazımi şəkildə dəyərləndirilməməsi, müdafiəçilərin və xüsusən qapıçı Şahruddin Məhəmmədəliyevin inamsız oyunu rəqibin xeyrinə işləmişdi. İnanmaq istərdik ki, Qurban Qurbanovun komandası eyni səhvləri HİK ilə ilk görüşdə təkrarlamayacaq. Belə olarsa, futbolçuların potensialına və ustalıq səviyyəsinə görə rəqibini üstələyən “Qarabağ”ın bunu tabloda da əks etdirmək ehtimalı artacaq. Bu isə cavab matçı ərəfəsində çox vacib detaldır. Ümumiyyətlə, Ağdam təmsilçisi Finlandiya klubunu mübarizədən kənarlaşdırmaqla, həmçinin, “Neftçi”nin qisasını almış olacaq. Xatırladaq ki, futbolumuzun flaqmanını iki il öncə UEFA Avropa Liqasının III təsnifat mərhələsində məhz HİK dayandırmışdı - 2:2, 0:3.UEFA Konfrans Liqasının III təsnifat mərhələsində isə iki Azərbaycan klubu meydana çıxacaq. Ötən çempionatın gümüş medalçısı olmuş “Sabah” “Bank Respublika Arena”da Serbiya təmsilçisi “Partizan”ı sınağa çəkəcək. Bürünc mükafatçı “Neftçi” isə doğma “Neftçi Arena”da İstanbul nəhəngi “Beşiktaş” qarşısında imtahan verəcək. Əlbəttə, “Qarabağ” ilə müqayisədə, “Sabah” və “Neftçi”nin rəqibləri daha samballı və “ağır çəkilidir”. Amma bu, UEFA Konfrans Liqasının II təsnifat mərhələsində inamlı təsir bağışlamış təmsilçilərimizin asan təslim olacağı anlamına gəlməməlidir. Doğma meydan amili, güclü azarkeş dəstəyi hər iki komandamızın xeyrinə olan məqamlardır. Sadəcə, rəqiblərin adından çəkinməmək və hakimin final fitinə qədər meydanın hər qarışı uğrunda mübarizə aparmaq lazımdır. Bir sözlə, bu gün Azərbaycan futbolunun tarixi gecəsidir. Futbolumuzun nəbzi Tofiq Bəhramov adına Respublika stadionunda, “Bank Respublika Arena”da və “Neftçi Arena”da vuracaq. Gözləyək və ümid edək ki, ilk addım uğurlu olacaq. Вернуться назад |