Главная > İdman > Musa Qurbanlı: “Çıxışımdan nadir hallarda razı qalıram”

Musa Qurbanlı: “Çıxışımdan nadir hallarda razı qalıram”


9-08-2023, 15:16. Разместил: azadses
“Çıxışımdan nadir hallarda razı qalıram”.

“Report”un məlumatına görə, bunu İsveçin “Yurqorden” klubunun azərbaycanlı futbolçusu Musa Qurbanlı “Forum 1891” nəşrinə müsahibəsində deyib.

Yay fasiləsində “Qarabağ”dan Stokholm komandasına keçən 21 yaşlı hücumçu hələ də ideal formasından uzaq olduğunu etiraf edib: “Öz üzərimdə çalışıram, məşqlərimi edirəm. Ən yaxşı formamı yığmaq üçün mənə bir neçə oyun lazımdır. Kollektivə uyğunlaşmağa çalışıram. Bura mənim üçün tam fərqli liqa və yeni komandadır. Düşünürəm ki, zaman keçdikcə daha yaxşı olacaq. Çox narahat deyiləm, əksinə durmadan üzərimdə işləyirəm. Bilirəm ki, daha yaxşısını edə bilərəm”.

Qurbanlı “Yurqorden”ə tam uyğunlaşa bilməməsini İsveçdə mövsümün gedişi zamanı komandaya qoşulması ilə əlaqələndirib: “İsveçdə mövsümün ortası olduğu üçün futbolçular yaxşı formadadırlar. Mən isə mövsümöncəsi təlim-məşq toplanışından gəlmişəm. Bura gələrək müqavilə bağladım və Bakıya qayıtdım, 10 gün komanda ilə məşqlərdən kənarda qaldım”.

O, UEFA Konfrans Liqasının II təsnifat mərhələsində İsveçrə klubu “Lütsern”ə məğlubiyyəti (1:2, 1:1) də dəyərləndirib. Forvard həmin görüşdə əlinə düşən qol imkanından yararlana bilməməsinə təəssüfləndiyini söyləyib: “Konfrans Liqasında mübarizəni davam etdirmək istəyirdik. Amma belə olmadı. “Lütsern”lə matçı daha yaxşı keçirə bilərdim. Həmişə uğura “acam”, inkişaf etməyə can atıram. Hətta bir neçə qol vurduğum oyunlarda da özümdən tam razı qalmıram. Başımızı dik tutacaq, çalışmağa davam edəcəyik. İndi İsveç çempionatında qarşıdakı oyunları səbirsizliklə gözləyirik”.

Gənc oyunçu ölkə çempionatının XIX turunda avqustun 13-də “Göteborq”a qarşı keçiriləcək səfər matçına hazır olduqlarını hesab edir: “Rəqibimizi təhlil edir, eyni zamanda, daxildə hazırlaşırıq. Hər gün idman zalında və meydanda çox işləyirik, həmişə olduğu kimi, öz durumumuzu təhlil edirik. “Göteborq”la görüşə əvvəlki matçlardakı kimi hazırlaşırıq”.

Qurbanlı “Yurqorden”də hücumçuların çox olmasının ona problem yaratmayacağını düşünür: “Rəqabət həmişə yaxşıdır. Bu, həm oyunçu, həm də komanda kimi inkişaf etməyimizə kömək edir. Güclü futbolçular çox olduqda, hər zaman ən yaxşı oyununu göstərməyə məcbur qalırsan. Buradakı rəqabət də əyləncəlidir”.

Azərbaycan millisinin üzvü Stokholmdakı gündəlik həyatından da bəhs edib. O, İsveçin paytaxtından heyranlıqla danışıb: “Stokholmda hava yaxşıdır. Bəzən yağış yağır, amma bu havanı xoşlayıram. Xüsusən də, məşq edən zaman yağışın yağması yaxşıdır. Amma eşitmişəm ki, burada qış çox soyuq keçir. Hələlik heç bir problem yoxdur. Məsələn, Azərbaycanda yayda 40 dərəcəyədək isti olur. Qışı soyuq keçir, ancaq İsveçdəki qədər deyil. Ümumiyyətlə, İsveç çox gözəl ölkədir. İnsanlar mehribandır, qonaqpərvərdir, mənə gülümsəyirlər. Buna görə çox xoşuma gəlir, şəhər heyrətamizdir. Komanda yoldaşlarım da mehriban və gülməli insanlardır. Burada olmaqdan həzz alıram. Düşünürəm ki, çox yaxşı uyğunlaşdım. Boş vaxtımda bəzən şəhərə çıxıb, bir fincan qəhvə içirəm və ya bir az alış-veriş edirəm. Burada sadə həyat yaşayıram”.

Qeyd edək ki, Musa Qurbanlı ötən ay “Yurqorden”lə 3 illik müqavilə bağlayıb.


Вернуться назад