Главная > İdman > Avropa çempionumuz: “Başqa ölkə adından çıxış etmək istəməkdə problem yoxdur” - MÜSAHİBƏ

Avropa çempionumuz: “Başqa ölkə adından çıxış etmək istəməkdə problem yoxdur” - MÜSAHİBƏ


8-06-2022, 14:23. Разместил: admin
Yunan-Roma güləşi üzrə dünya mükafatçısı və Avropa çempionu Sənan Süleymanov Azərbaycanın perspektivli idmançılarından sayılır. 25 yaşlı güləşçi 77 kq çəki dərəcəsində Rəsul Çunayevin əsas milliyə düşə bilməməsi ilə bağlı məsələyə münasibət bildirib.

Sənan Süleymanovun müsahibəsini təqdim edirik:

– Qabırğanız nə vaxt sınıb?

– Haradasa bir ay olar. Məşq zamanı baş verib. Hazırda milli komanda ilə birgə məşqlərə başlamışam. Ancaq özümü qoruyuram. Tam hazır olmadığım üçün ayın sonunda İtaliyanın paytaxtı Romada keçiriləcək reytinq yarışında iştirak etməyəcəyəm.

– Hazırda 77 kq çəki dərəcəsində dünya reytinqinin birincisisiniz. Bu yarışda iştirak etməsəniz, yerinizi itirə bilərsiniz.

– Təəssüf ki, orada iştirak edə bilməyəcəyəm. İkinci pillədəki iranlı Məhəmmədəli Əbdülhəmid Gərayi ilə aramızda 5900 xal var. Üçüncü sırada isə qırğızıstanlı Akjol Mahmudovdur. İnşallah, növbəti yarışım Türkiyədə keçiriləcək İslam Həmrəylik Oyunları olacaq.

– Rəsul Çunayev ötən ay “Bizim İdman” verilişində qonaq olarkən bildirmişdi ki, Sənan Süleymanov 77 kq-da millinin lideri sayılır deyə artıq yığma məşqçilərinə lazım deyil. O bu səbəbdən başqa ölkə adından çıxış etmək istədiyini desə də, sonradan bu fikrindən vaz keçdi... Bu haqda nə deyə bilərsiniz?

– Onun çıxışına baxmamışam. Ancaq yazılı şəkildə onun fikirləri ilə tanışam. Başqa ölkə adından çıxış etmək istəyən gedib güləşə bilər. Burada nə problem var ki? Amma bu haqda başqa fikir bildirmək istəmirəm. Mənə bu məsələlər maraqlı da deyil.

– Rəsulla münasibətləriniz necədir?

– Lap əladır.

– Ümumiyyətlə, güləşə başlayanda kumiriniz kim olub?

– Mənə qohumluğu çatan Fərid Mansurov. O, 2004-cü ildə Olimpiya çempionu olub, mən də 2006-cı ildə güləşə başlamışam.

– Ardıcıl üç ildir ki, Avropa çempionatından medalla qayıdırsınız. Ötən il və bu il yarışlardan bürünc medalla döndünüz. Bunu nə ilə əlaqələndirmək olar?

– İdmanda hər şey olur. 2020-ci ildə Avropa çempionluğum da gözlənilməz alındı. 72 kq-da çıxış etdiyim halda, Romada 77 kq-da yarışıb Avropa çempionu oldum. Ötən il Polşanın paytaxtı Varşavada keçirilmiş Avropa çempionatından öncə koronavirusa yoluxmuşdum. Bunu bəhanə gətirmək istəmirəm. Amma haradasa bu da nəticəmə təsirsiz ötüşmədi. Ümumiyyətlə, birinci Avropa çempionatımdan sonra üç qabırğam sınmışdı. İdmandan kənar qalmaq müəyyən mənada öz sözünü dedi. İnşallah, çalışacağam ki, bu il Serbiyada keçiriləcək yarışda dünya çempionu olum.

– Nə qədər desək də ki, idman siyasətdən ayrıdır, erməni güləşçilərlə görüşlərdə müəyyən prinsipiallıq olur. Bu il Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş Avropa çempionatında sonradan qızıl medal qazanan Malxas Amoyana uduzdunuz...

– İdmanda olanlar bilirlər ki, erməniyə udmaq və uduzmaq xüsusi önəm kəsb etmir. Düzdür, qalib gəlsən, daha yaxşı olar. Həmin idmançıya əvvəl iki dəfə qalib gəlmişəm. Bu dəfə ona uduzmağım öz səhvimin ucbatından oldu. Parterdə dörd xal verdim və 4:5 hesabı ilə uduzdum. Növbəti yarışda bunun qisasını alaram.
Вернуться назад