Главная > İdman > “Stolüstü tennisin inkişafı məqsədilə xüsusi strategiya hazırlanır”
“Stolüstü tennisin inkişafı məqsədilə xüsusi strategiya hazırlanır”24-01-2022, 13:42. Разместил: admin |
Son illər Azərbaycanda sürətlə inkişaf etdirilən idman növlərindən biri də stolüstü tennisdir. Federasiyanın vitse-prezidenti Səbuhi Mehdizadə ölkəmizdə idmanın bu növünün inkişafı istiqamətində görülən işlər, stolüstü tennisin kütləviliyinin artırılması və perspektivlər barədə “AzərTAc”ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik. - Səbuhi müəllim, əvvəlcə Azərbaycanda stolüstü tennis ənənələri ilə bağlı məlumat verərdiniz. - Azərbaycanda stolüstü tennis ənənələri ötən əsrin 40-cı illərindən etibarən yaranmağa başlayıb. Belə ki, 50-ci illərin əvvəllərində ilk dəfə Bakıda stolüstü tennis bölməsi yaradılıb və sonradan Stolüstü Tennis Federasiyası təsis olunub. Azərbaycanın stolüstü tennis məktəbi yüksək nəticələr əldə edən bir çox beynəlxalq səviyyəli idmançılar yetişdirib. Belə ki, 1961-ci ildə idmançımız Mais Şeydabəyov stolüstü tennis üzrə SSRİ çempionu olub. Əfsanəvi tennisçimiz Valentina Popova isə 6 dəfə SSRİ çempionu və 1984-cü ildə Avropanın mütləq çempionu adını qazanıb. Stolüstü tennisçilərimizin qazandığı tarixi nailiyyətlər ölkəmizdə idmanın bu növünə böyük maraq yaradıb. - Ölkəmizdə idmanın bu növünün inkişafının yeni mərhələsi nə vaxtdan başlayıb? - Ölkəmizdə stolüstü tennis 2014-cü ildən etibarən intibah dövrünü yaşayır. Şahin Mustafayev Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçildikdən sonra ölkəmizdə idmanın bu növünün inkişafında canlanma başlayıb. İlk növbədə, Bakıda “Şüa” İdman-Sağlamlıq Mərkəzindəki zal tam təchiz olunub idmançıların istifadəsinə verildikdən sonra sanki tennisçilərin öz “evi” yaranıb. Belə ki, bu mərkəz idmançıların bir araya gəldikləri, məşq etdikləri və xəyal qurduqları doğma məkana, ocağa çevrilib. Sonra Sumqayıtda dənizkənarı bulvarda müasir idman kompleksi tikilərək istifadəyə verilib. Bütün bunlar idmanın inkişafı üçün bünövrədir. Nəticədə stolüstü tennis üzrə inkişaf planı hazırlanaraq kütləviliyin artırılması, yığma komandanın inkişafı, mütəxəssislərin peşəkarlığının yüksəldilməsi, peşəkar klubların inkişafı üzrə müvafiq tədbirlərin həyata keçirilməsinə başlanıb. - Ötən illərdə qazanılan nəticələri qənaətbəxş hesab etmək olarmı? - Son yeddi ildə idmançılarımız dünya, Avropa çempionatları və gənclərin Avropa birinciliyi daxil olmaqla 60-a yaxın beynəlxalq yarışlarda iştirak edərək 13 qızıl, 23 gümüş və 30 bürünc medal qazanıblar. Bununla yanaşı, tennisçilərimiz Azərbaycan, Polşa, Macarıstan, Çexiya, Sloveniya, Rumıniya, Türkiyə və Çində keçirilən təlim-məşq toplanışlarına da mütəmadi olaraq qatılıblar. Bütün bu göstəricilər idmanda gənc nəslin formalaşması üçün önəmli amillərdir. - Ümumiyyətlə, ölkəmizdə uşaq və gənclərin stolüstü tennisə marağı ilə bağlı nə deyə bilərsiniz? - Azərbaycanda idmanın bu növünə təbii ki, maraq var. Amma populyarlığı artırmaq üçün federasiya bütün mümkün vasitələrdən istifadə edir. Məsələn, 6-9 yaş qrupunda uşaqlarla məşğul olmaq üçün respublika üzrə fəaliyyət göstərən 24 məşqçi-müəllimlə beşillik müqavilələr imzalanıb. Bu məşqçilər Azərbaycanın 10 rayon və şəhərində stolüstü tennis üzrə lazımi idman avadanlığı ilə tam təmin olunan orta məktəblərdə, idman məktəblərində, Olimpiya İdman Komplekslərində fəaliyyət göstərirlər. Müxtəlif dövlət qurumları, qeyri-hökumət təşkilatları və ictimai birliklərlə əməkdaşlıq edərək ictimaiyyətdə stolüstü tennisə daha böyük maraq yaratmağa çalışırıq. Qısa müddətdə yeniyetmələrimiz Avropada sayılıb-seçilən idmançıların sırasına daxil olublar. Avropa Stolüstü Tennis Birliyinin (ETTU) təşkilatçılığı ilə keçirilən və Avropanın bütün ölkələrinin iştirak etdikləri “ETTU Eurotalents” istedadlı idmançıların axtarışı proqramında üç yeniyetmə tennisçimiz iştirak edib. Onlardan Adil Əhmədzadə Avropanın 13 yaşa qədər (U-13) yığma komandasının üzvü, 17 yaşadək (U-17) yığmaya isə namizəddir. Bu, əlbəttə, böyük nailiyyətdir. Bununla yanaşı, yeniyetmə idmançılarımız xarici idman klublarında legioner kimi təmsil olunurlar. - Federasiyanın qarşıdakı dörd il üçün planları nədən ibarətdir? - Qarşıdakı dörd ildə stolüstü tennisin inkişafında sistemli yanaşmanı tətbiq etmək məqsədilə xüsusi strategiya hazırlanır. İlk növbədə, ölkədə idman klublarının sayının artırılması, idmançı, məşqçi və hakimlərimizin beynəlxalq yarışlarda daha intensiv iştirakının təmin edilməsi planlaşdırılır. Bununla yanaşı, tennisə kütləvi marağı təmin etmək məqsədilə məşqçilərin bilik və bacarıqlarını təkmilləşdirmək zəruridir. Əlavə olaraq, onlar üçün ölkədaxili və beynəlxalq seminar və kurslar təşkil etmək, ali təhsilli idmançıların məşqçi kimi işlə təmin olunmasını stimullaşdırmaq, legionerlərin Azərbaycanda magistr dərəcəsi alaraq məşqçi kimi fəaliyyət göstərməsini dəstəkləmək və ölkənin müxtəlif regionlarında məşqçilərlə müqavilələr bağlamaq əsas hədəflərdəndir. - Federasiyanın yeni təyin olunan baş katibi ilə bağlı fikirlərinizi bilmək istərdik. - Yeni baş katib Könül Mikayılova federasiyanın ən təcrübəli və peşəkar əməkdaşlarından hesab olunur. O, Azərbaycan stolüstü tennis tarixində ilk dəfə olaraq beynəlxalq dərəcəli hakim adına layiq görülən dörd idman mütəxəssisindən biridir. Könül Mikayılovanın bütün ailəsi stolüstü tennis ənənələrini qoruyur. Onun həyat yoldaşı Zaur Mikayılov da beynəlxalq dərəcəli hakimdir. Qızı Zemfira Mikayılova yığma komandanın üzvü kimi Azərbaycanı beynəlxalq yarışlarda təmsil edir. Düşünürük ki, Könül xanımın təcrübəsi və idmanın bu növünə sevgisi vəzifəsini uğurla yerinə yetirməsi üçün ciddi zəmin yaradır. - Kənd təsərrüfatı nazirinin müşaviri sizin əsas işinizdir. Əsas işinizlə eyni vaxtda idman sahəsində də belə məsuliyyətli vəzifədə çalışmaq çətinlik yaratmır ki? - İdman sahəsində 2012-ci ildən fəaliyyətə başlamışam. Həmin vaxt ictimai əsaslarla yerli və Avropa çempionatlarında Təşkilat Komitəsinin üzvü kimi iştirak etmişəm. 2014-cü ildə federasiyanın baş katibi təyin olunmuşam, 2016-cı ildən isə vitse-prezident vəzifəsində çalışıram. Təbii ki, əsas iş yerimlə yanaşı, ictimai əsaslarla çalışdığım sahəyə də xüsusi diqqətlə yanaşıram. Federasiyada fəaliyyətim dövründə o qədər emosional, qürurverici məqamlar yaşamışam ki, bu hissləri heç nə ilə əvəz etmək olmaz. Xatırlayıram ki, 2015-ci ildə Azərbaycan stolüstü tennis tarixində ilk dəfə ölkəmizdə Avropanın ən güclü idmançıları arasında “TOP-16” turniri keçirilirdi. Turnirin direktoru olaraq bir çox xarici mütəxəssislərlə ünsiyyətdə olarkən gördüyümüz işlər barədə əcnəbi peşəkar idmançıların, hakimlərin, eləcə də idman aləmində sayılıb-seçilən nüfuzlu şəxslərin komandamızın yüksək inkişaf templəri barədə fikirləri idmanın bu növünün inkişafında böyük tərəqqiyə nail olduğumuzu bir daha sübut edir. Bu işin ictimai əsaslarla olması isə şəxsən mənə xüsusi zövq verir. Fəaliyyət göstərdiyim dövrdə federasiyanın prezidenti tərəfindən bizə verilən tapşırıqların icrası nəticəsində idmançılarımızın əldə etdikləri uğurlar daha intensiv və məhsuldar çalışmaq üçün stimul yaradır. Вернуться назад |