Avropa Liqasının performans cədvəlində "Qarabağ" hegemonluğu
- 7-08-2020, 11:09
- İdman
UEFA Avropa Liqasında və daxili yarışlarda futbolçuların performans göstəriciləri üzrə reytinq cədvəlini açıqlayıb.
"Report"un məlumatına görə, 1/8 final mərhələsi başa çatdıqdan sonra tərtib olunan yeni siyahıda Azərbaycanla bağlılığı olan oyunçular da yer alıb.
Bu baxımdan, ən yaxşı göstərici yanvarda "Qarabağ"dan ayrılan Dani Kintanaya məxsusdur. 557 xala malik ispaniyalı yarımmüdafiəçi 278-ci pillədə qərarlaşıb. Onu 407 xalla həmyerlisi Miçel Madera izləyir. 2019/2020 mövsümünün sonunda Ağdam klubu ilə vidalaşmış futbolçu 361-ci sırada yer alıb. Ən yaxşı "3-lüy"ün son sahibi də sabiq "Qarabağ"lıdır. Ötən il Almaniya "Ştutqart"ından icarəyə götürülmüş braziliyalı sol cinah müdfiəçisi Ailton Silvanın aktivində 356 xal var. Braziliyalı legioner bu göstərici ilə ümumi sıralamada 409-cudur.
Azərbaycan millisinin üzvləri arasında isə ən yaxşı nəticəyə qışda "Qarabağ"ı Birləşmiş Ərəb Əmirliklərinin "Baniyas" klubuna dəyişmiş Riçard Almeyda imza atıb. Braziliya əsilli milliləşdirilmiş yarımmüdafiəçi 290 xalla 474-cü pillənin sahibidir. Yığma üzvləri arasında ikinci yerdə Ukrayna "Aleksandriya"sının müdafiəçisi Pavel Paşayev qərarlaşıb - 167 xal, 707-ci sıra. Azərbaycan millisi və "Qarabağ"ın kapitanı Maksim Medvedev isə 116 xalla 825-cidir.
Qeyd edək ki, performans göstəriciləri üzrə reytinq cədvəlinin ilk iki pilləsində İngiltərə "Mançester Yunayted"in futbolçuları - Brunu Fernandeş (4459 xal) və Antoni Marsial (4344) yer alıblar. İspaniya "Sevilya"sının yarımmüdafiəçisi Xesus Navas isə 4249 xalla 3-cüdür.