Mədət Quliyev federasiya prezidenti oldu - FOTO
- 26-11-2021, 23:04
- İdman
Azərbaycan Velosiped İdmanı Federasiyasının hesabat-seçki konfransı keçirilib
Noyabrın 26-də Azərbaycan Velosiped İdmanı Federasiyasının hesabat-seçki konfransı keçirilib. Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbirdə konfrans iştirakçılarını salamlayan nazir Fərid Qayıbov onlara uğurlar arzulayıb.
Hesabat-seçki yığıncağında Azərbaycan Velosiped İdmanı Federasiyasının fəaliyyəti barədə 1-ci vitse-prezident Sahib Ələkbərovun hesabat məruzəsi dinlənilib. Sonra Azərbaycan Velosiped İdmanı Federasiyasının rəhbərliyinə yeni seçkilər keçirilib.
Səsvermə nəticəsində Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri, Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyev 4 il müddətinə federasiyanın prezidenti seçilib.
Sahib Ələkbərov federasiyanın 1-ci vitse-prezidenti kimi işini davam etdirəcək. Azərbaycan Respublikası Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev federasiyanın vitse-prezidenti seçilib.
AzVİF-in prezident və vitse-prezidentləri həm də İcraiyyə Komitəsinə üzv kimi təsdiqlənib. Eyni zamanda Elşən Həsənov, Nadim Babayev və Vüqar Salahov İcraiyyə Komitəsinə üzv seçilib. Fərhad Əliyev federasiyanın baş katibi kimi fəaliyyətinə davam edəcək.
Tədbirdə çıxış edən Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyev qarşıda idmançılarımızı nüfuzlu yarışların gözlədiyini bildirib və daha böyük uğurların qazanılması üçün lazımi işlərin görüləcəyini vurğulayıb. Federasiya prezidenti iclasda qaldırılan məsələlərin yerinə yetirilməsi üçün səylə çalışacaqlarını qeyd edib.