Главная > Hadisə > İki sosial xidmət müəssisəsində çatışmazlıqlar aşkarlanıb
İki sosial xidmət müəssisəsində çatışmazlıqlar aşkarlanıb29-02-2024, 13:53. Разместил: azadses |
Ombudsman Aparatı iki sosial xidmət müəssisəsində çatışmazlıqlar aşkarlayıb. “Report” xəbər verir ki, bu, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb. Qeyd olunub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinə əvvəlcədən xəbərdarlıq etmədən keçirilən monitorinq zamanı ahıllar üçün yaradılmış şəraitin müyəssərliyi, qidalanma, sosial-məişət və tibbi xidmətlərə çıxış imkanları, habelə asudə vaxtlarının səmərəli təşkili məsələləri araşdırılıb, yaşayış yerlərinə baxış keçirilib. Əvvəlki monitorinqlər və başçəkmələrdə müəyyən olunan nöqsanların bir çoxunun həll olunması müşahidə edilsə də, müəyyən problemlərin mövcudluğu aktual olaraq qalır. Bundan öncə müəssisədə ahıllara xidmət göstərən personalın çatışmaması, ştat cədvəli üzrə sosial xidmətçi vəzifəsində vakant yerlərin olması faktı aşkarlanıb. Məsələ müəssisənin rəhbərliyi qarşısında qaldırılmış və bir çox vakant yerə işçi qüvvəsi cəlb olunmuş, ahıllara həm gündüz, həm də gecə saatlarında qulluqla bağlı problem aradan qaldırılıb. Bununla belə, müəssisənin ştat cədvəlinə uyğun olaraq, Sosial xidmətin təşkili şöbəsində 9 iş yeri, habelə bir psixoloq və iki həkim-terapevt vəzifələri vakant olaraq qalır. Bu səbəbdən ahılların sosial-psixoloji reabilitasiyasına yönəlmiş tədbirlərin, həmçinin tibbi müayinələrin az hallarda həyata keçirildiyi müşahidə edilib. Həmin müəssisədə ümumi vəziyyətin qənaətbəxş olduğu, lakin yataq xəstələri olan otaqlarda siqnal düymələrinin olmadığı, otaqların qapılarının bəzilərinin nasaz olduğu, bəzi otaqlarda süni işıqlandırmanın ümumi qəbul olunmuş texniki normalara uyğun gəlmədiyi, avadanlığın yenilənməsinə və müəssisənin əsaslı təmirə ehtiyacı olduğu müəyyən edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin Göygöl rayonundakı 3 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsinə başçəkmə zamanı ümumilikdə qeydə alınan 122 nəfər sakinin 10 nəfərinin ahıl şəxs olduğu, Gəncə şəhərindəki 4 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində isə ümumilikdə qeydə alınan 103 nəfər sakinin 6 nəfərinin ahıl şəxs olduğu müəyyən olunub. Hər iki müəssisədə keçirilən başçəkmələr zamanı bir sıra çatışmazlıqlar aşkar edilib, o cümlədən müəssisələrin profilinə uyğun olaraq sakinlərə keyfiyyətli sosial və tibbi xidmətlərin göstərilməsi üçün zəruri olan bir neçə vəzifənin vakant olması nəzərə alınaraq, məsələnin həlli ilə bağlı müvafiq nazirlik qarşında məsələ qaldırılıb. Ümumilikdə, ahılların həyat səviyyəsini ağırlaşdıran, sosial-psixoloji vəziyyətini çətinləşdirən, cəmiyyətdən təcrid olunmasına gətirib çıxaran halların qarşısının alınması, ehtiyacı olan ahıllara sosial xidmətin göstərilməsi səviyyəsinin artırılması məqsədilə aidiyyəti dövlət qurumlarına müvafiq müraciətlər edilib. Вернуться назад |