Главная > Hadisə / Manset > Neftçalada sosial şəbəkədə tanış olduğu əcnəbidən narkotik alan şəxs saxlanılıb - FOTO
Neftçalada sosial şəbəkədə tanış olduğu əcnəbidən narkotik alan şəxs saxlanılıb - FOTO16-02-2023, 14:30. Разместил: admin |
Neftçala Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində sosial şəbəkə vasitəsilə tanış olduğu əcnəbi narkotacirdən onlayn yolla narkotik alan şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb. Belə ki, Neftçala RPŞ-nin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında gecə saatlarında keçirilən tədbir zamanı Bakı şəhər sakini Dünyamalı Qurbanbəyov rayonunun Həsənabad kəndi ərazisində saxlanılıb. Onun əlində olan çantaya keçirilən baxış zamanı külli miqdarda, yəni 2 kiloqram 700 qramdan artıq marixuana, 505 qram heroin və 40 qramdan artıq metamfetamin aşkar edilərək götürülüb. Aparılan araşdırmalar zamanı məlum olub ki, D.Qurbanbəyov əvvəllər sosial şəbəkə vasitəsilə tanış olduğu əcnəbi narkotacirdən dəyəri 1500 manat olan psixotrop maddə - metamfetamin almaq istəyib. Bunun müqabilində həmin şəxsin bank hesabına 1000 manat pul göndərən D.Qurbanbəyov narkotacirə 500 manat borclu qalıb. Əcnəbi vətəndaş isə öz növbəsində ona Neftçala rayonunun Həsənabad kəndi ərazisində əvvəlcədən gizlədilmiş narkotik vasitələrin yerini bildirib. D.Qurbanbəyov təyin olunan yerə gələn zaman narkotacir gizlədilən çantada əlavə olaraq marixuana və heroin yerləşdirildiyini, ondan bu maddələri Abşeron rayonunun Hökməli qəsəbəsində qabaqcadan təyin olunan yerə aparmasını xahiş edib. Tərəflər arasında razılıq əldə olunub, lakin sonuncu çantanı götürüb ərazidən uzaqlaşmaq istəyən zaman polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Neftçala RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, saxlanılan şəxsin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir. Вернуться назад |