Главная > Hadisə / Manset > Ermənistanın mina terroru: Qeyri-insani addım və sülhə maneə - RƏY + FOTO

Ermənistanın mina terroru: Qeyri-insani addım və sülhə maneə - RƏY + FOTO


3-10-2022, 18:23. Разместил: admin
“Ermənistan sovet ordusundan qalan minaları 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarında basdırıb və bütün ərazini çirkləndirib”.

Bunu “Report”a açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.

O bildirib ki, əsas məqsəd azərbaycanlıların öz yurdlarına qayıtmalarına mane olmaqdır:

“Ermənilərin bu cür əməllərini alman faşizmi ilə müqayisə edirlər, lakin bu, heç nə ilə müqayisə edilə bilməz. Çünki bunlar qəbilədir, xalq deyil. Almanlar Polşanı, Çexoslovakiyanı, Fransanı və s. işğal edəndə əhali öz ölkəsindən, evindən didərgin salınmamışdı. Onlar hakimiyyəti dəyişib, oyuncaq rejim yaradaraq özlərinə tabe etmişdilər və hər hansı kütləvi minalanma aparılmamışdı. Amma ermənilər azərbaycanlıları öz yurdlarından didərgin salıb, bütün ərazini, tarixi abidələri, məzarlıqları dağıdıb, bütün bunlar bəs deyilmiş kimi əraziləri minalayıblar”.

SSRİ dövründə əsas mina zavodlarından birinin Ermənistanın paytaxtı İrəvanda yerləşdiyini vurğulayan E.Həsənli qeyd edib ki, bu ölkənin Azərbaycana təhvil verdiyi xəritələrə görə, yalnız Ağdam və Füzulidə 97 min mina basdırılıb:

“İki rayonun ərazisinə bu qədər mina niyə basdırılıb? Daha sonra erməni tərəfi bəyan edib ki, onlarda mina xəritəsi yoxdur. Nəzərə almaq lazımdır ki, mina basdırılması üçün ordu rəhbərliyinin tapşırığı olduqdan sonra anbardan götürülüb xəritə üzrə basdırıla bilər. Həmin xəritə isə üç nüsxədə hazırlanır. Onlardan biri hərbi hissədə, digəri birləşmənin qərargahında, üçüncüsü isə baş qərargahda saxlanılır. Hərbidə bəzi sahələrdə, bəlkə də, qeyri-peşəkarlar ola bilər, lakin minanı qeyri-peşəkar şəxs basdıra bilməz. Çünki öz hərbçiləri basdırılan minaya düşə bilərlər. Haqlı sual olunur ki, niyə sülhməramlılardan və ermənilərdən bir nəfər də olsun minaya düşmür? Niyə Azərbaycan Ordusu 2020-ci ilin 10 noyabr Bəyanatından irəli gələrək ermənilərə 1700-dən artıq cəsəd toplayıb verib, onların əsirlərini qaytarıb, lakin onlar mina xəritələrini hələ də Azərbaycana təhvil vermək istəmirlər? Bununla Azərbaycan xalqında psixoloji travma yaratmağa çalışırlar. Dünya birliyi hələ də bu vəziyyətə ikili standartlarla yanaşır”.

Ekspert Ermənistanın sülh istəmədiyini söyləyib:

“Rəsmi İrəvan bütün razılaşmalara baxmayaraq, öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır. Azərbaycan dövləti ərazilərin minalardan təmizlənməsi üçün külli miqdarda maliyyə ayırır. Qardaş Türkiyə də bu məsələdə Azərbaycana dəstək olur. Avropa İttifaqı isə gözdən pərdə asmaq üçün cüzi maliyyə yardımı ayırıb. Beynəlxalq təşkilatlardan isə ümumiyyətlə yardım yox dərəcəsindədir. Edilən kiçik yardımlar isə görüntü yaratmağa xidmət edir. Ukraynaya verilən dəstəyin bir faizi belə, Azərbaycana verilmir. Dövlətimiz öz gücü hesabına həm torpaqları minalardan təmizləyir, infrastrukturu qurur, həm də şəhər və qəsəbələrin yenidən salınması üçün əməli işlər görür. Bu gün Azərbaycan hökuməti orada təkcə minatəmizləmə işi ilə məşğul olmur, həm də əhalinin öz yurduna qayıtması üçün dayanmadan çalışır. Düşmənin, digər sahələrdə olduğu kimi, bu sahədə də arzusu ürəyində qalacaq. Azərbaycanlılar toy-bayramla həmin ərazilərə qayıdacaqlar”.

Qeyd edək ki, sentyabrın 30-da Füzuli rayonunun Yuxarı Dilağarda kəndinin minalardan təmizlənməmiş ərazisində tank əleyhinə minanın partlaması nəticəsində iki nəfər həlak olub, bir nəfər yaralanıb.

Oktyabrın 1-də Tərtər rayonu “Üçüncü Sovxoz” adlı yerdə piyada əleyhinə minanın partlaması nəticəsində iki nəfər ağır xəsarət alıb.

Oktyabrın 2-də isə Xocavənd rayonunun Tağaverd kəndi ərazisində piyada əleyhinə minanın partlaması nəticəsində daha bir nəfər yaralanıb.


Вернуться назад