Главная > Hadisə / Manset > Hindistanlı turist Zaqatalada necə itkin düşüb? - TƏFƏRRÜAT

Hindistanlı turist Zaqatalada necə itkin düşüb? - TƏFƏRRÜAT


3-06-2022, 16:22. Разместил: admin
Mayın 13-də Zaqatalaya turist kimi gələn hindistanlı Manikath Kondaveeti itkin düşüb.

1993-cü il təvəllüdlü turist Zaqatala rayonunun Qəbizdərə kəndi yaxınlığındakı dağlıq ərazidən rayon istiqamətində piyada gəlməyə başlayıb. O, iki dağ aşırımını keçərək Car kənd inzibati ərazisinin yaxınlığında, el arasında “Şamilovka” kimi tanınan dağ massivinə gəlib.

29 yaşlı qonağın elə bu ərazilərdə itkin düşdüyü ehtimal edilir.

İtkin düşən hindistanlı turistin qardaşı Dharan Kondaveeti Modern.az-a bildirib ki, Manikath Azərbaycana səfərdən əvvəl ölkəmizin relyefini və təbiətini araşdırıb.

Qardaşının itkin düşməsi barədə xəbər alan Dharan dərhal Azərbaycana gəlmək qərarı verib. O, hazırda ailəsi ilə birlikdə Zaqataladadır:

“Mən ailəmlə birlikdə Zaqatalada qardaşımın axtarışını davam etdirirəm. Mayın 13-ü səhər saatlarından qardaşımı heç kim görməyib. Sonuncu dəfə mayın 12-si axşam saat 19 radələrində söhbətləşmişik. Daha sonra mən ona yazdım, amma cavab vermədi. Fikirləşdim ki, yəqin, olduğu yerdə şəbəkə yoxdur. Ürəyimə dammışdı ki, nəsə baş verib. Çünki o özü həmişə bizimlə əlaqə saxlayırdı. Biz onun “Google” hesabına giriş əldə etmişik. Mayın 13-ü qardaşımın olduğu məkan barədə informasiya əldə etdik. O, şəhərdən kənarda, komada olub. Başqa məlumat yoxdur”.

Dharan Kondaveeti qardaşının dünyanın bir çox ölkələrinə səfər etdiyini söyləyib. O bildirib ki, Manikathi Azərbaycana aprelin 26-da gəlib:

“Mən onunla bir gün əvvəl Dehlidə şam yeməyi yedim. Səhəri onu aeroporta apardım. Bundan əvvəl o, Kamboca, Vyetnam, Tailand, Nepal, Madaqaskar, Ruanda, Keniyaya səfər edib. Səyahət zamanı gündə 25 kilometr məsafə qət edirdi. Səyahət etməyi xoşlasa da, yersiz riskə getməzdi. Təhlükəsiz səyahət edirdi, heç riskli yerlərə getməzdi. Heç bir ölkədə də başına belə hadisə gəlməyib.

O, Hindistanda fransız dili üzrə ekspert kimi işləyirdi. Azərbaycana getmək qərarını almışdı. Koronavirusdan sonra onun ilk səyahəti Azərbaycana oldu. Aprelin 26-da Azərbaycana gələndən sonra Bakıda, Şəkidə və bir çox şəhərdə olub. Mayın 12-də Zaqatalaya gəlib. Biz hələ də axtarış edirik, amma çarəsizik. Bakıdan könüllü qruplar istəyirik, onların nəqliyyat, qida xərclərini biz qarşılayacağıq”.

Zaqatalada axtarışlara qoşulan könüllü Toğrul Cəfərov isə bildirib ki, turistin qış yuxusundan ayılan ayılarla qarşılaşma ehtimalı var:

“Turist 12 may tarixində qaldığı oteldən yerli sakinlərin yönləndirməsi ilə Qəbizdərəyə gedib, oradan yaylağa qalxaraq gecəni daxa adlanan, ağacdan (taxtadan) tikilmiş yaylaq evlərindən birində qalıb. Onu həmin gün yaylaqda olan kənd sakini görüb. Səhəri gün (13 may tarixi) yaylaqda qalan kənd sakini Qəbizdərə kəndinə düşəcəyini, turistin də onunla gələ biləcəyini deyib, turist isə gəldiyi yöndə qayıtmaq istəmədiyini, Car yolundan Zaqatala mərkəzinə düşmək istədiyini bildirib və həmin istiqamətdə gedib. Ayın 13-dən sonra turistdən xəbər yoxdur. Mayın 17-də onun Özbəkistana təyyarə bileti olsa da, ölkədən çıxışı qeydə alınmayıb. Turist ailəsi ilə mütəmadi danışırmış, bir neçə gün xəbər almadıqları üçün ailəsi ölkələrinin Azərbaycandakı səfirliyinə xəbər edərək turistin axtarılmasını xahiş edib. Ayın 17-dən polis, yerli sakinlər və digər qurumlar axtarışlar aparırlar. Hələ də bir nəticə yoxdur”.

Bələdçi axtarışların indiyədək nəticə vermədiyini vurğulayıb:


“29-30 may tarixlərində beş nəfərlik könüllü qrup olaraq təxmin etdiyimiz, şübhələndiyimiz ərazilərdə axtarış etdik. Çox təəssüf ki, heç bir izə, əlamətə rast gəlmədik.

İki günə 30 kilometr məsafə qət etdik. Axaxdərə və Cara enən yerlərə, yolu azmaq ehtimalının olduğu ərazilərə baxdıq. Gün ərzində turistin Qəbizdərədən Şamilovkaya qalxarkən yolda rastlaşdığı və otelə zəng etdiyi gənclə görüşüb danışdıq. Şamilovkadan ayrılarkən turisti son dəfə görən Ramazan dayı ilə də danışdıq, amma hələ bir nəticə yoxdur. Ehtimal olunan şübhələr isə vəhşi heyvanlarla, xüsusilə də ayı ilə qarşılaşmasıdır. Ayı hücum edəndən sonra öz yemini gizlədir və ya basdırır. Başqa bir ehtimal isə hansısa hündür ərazidən yıxılıb, xəsarət almasıdır. Ümid edirik ki, sağ-salamat tapılar”.

Qeyd edək ki, hindistanlı turistlərin axtarışlarına Rayon Polis Şöbəsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və FHN-in aidiyyəti strukturunun əməkdaşları cəlb olunublar.
Вернуться назад