Главная > Hadisə > DİN-dən jurnalistin hədələnməsi ilə bağlı AÇIQLAMA: “Şübhəli görüntülər ona təqdim olunub”
DİN-dən jurnalistin hədələnməsi ilə bağlı AÇIQLAMA: “Şübhəli görüntülər ona təqdim olunub”13-05-2022, 13:17. Разместил: admin |
Daxili İşlər Nazirliyi jurnalist Aytən Məmmədovanı bıçaqla hədələyən şəxsin axtarışları barədə açıqlama verib. A.Məmmədovanın işi ilə əlaqədar istintaqın gedişi və digər xüsusatlarla bağlı DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, faktla bağlı Cinayət Məcəlləsinin 134-cü maddəsi (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) ilə cinayət işi başlanılıb: “Zəruri əməliyyat-istintaq və əməliyyat-texniki tədbirlər davam etdirilir. Zərərçəkmiş A.Məmmədova vəkillə təmin olunub, hadisə baş verən ərazidəki bütün kameraların görüntülərinə baxış keçirilib, şübhə doğuran şəxslər tanınma üçün A.Məmmədovaya təqdim olunublar. Eyni zamanda istintaq üçün əhəmiyyət kəsb edən digər hallar da araşdırılır”. “Onu da bildirim ki, qeyri-aşkar şəraitdə baş vermiş belə cinayətlərin açılması zaman tələb edir. Odur ki, səbirli olub istintaqın başa çatmasını gözləməliyik”, - deyə o qeyd edib. Qeyd edək ki, hadisə mayın 8-i gecə saatlarında Binəqədi rayonu, Mircəlal küçəsi 11 ünvanında yerləşən binanın blokunda qeydə alınıb. Belə ki, A.Məmmədova yaşadığı binanın blokunda liftə girən zaman bir nəfər onun arxasınca içəri daxil olub. Daha sonra həmin şəxs bıçağı jurnalistin boğazına dirəyib və adını çəkmədiyi məhkəmə işinə görə onu hədələyib, proses barədə yazmamasını tələb edib. Hücum edən şəxs A.Məmmədovaya xəsarət yetirərək hadisə yerindən qaçıb. Hadisə barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə müraciət edilib. Jurnalistə qarşı hərəkətlərdə Cinayət Məcəlləsinin 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsinin tərkib əlamətləri olduğundan fakta görə Binəqədi RPİ İstintaq şöbəsində cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə zəruri əməliyyat-axtarış, əməliyyat-istintaq hərəkətləri davam etdirilir. Вернуться назад |