Главная > Hadisə > Biləsuvarda şəhidin məzarı təhqir olunub, bayraq cırılıb

Biləsuvarda şəhidin məzarı təhqir olunub, bayraq cırılıb


27-02-2020, 09:37. Разместил: azadses
Məzarın təhqir olunmasından bir həftəyə yaxın vaxt keçsə də, hadisəni törədən şəxs tapılmayıb
Biləsuvar rayonunun Bəydili kəndində Qarabağ urğunda döyüşlərdə şəhid olmuş Mahir Məmmədovun məzarı təhqir olunub. Bu barədə şəhidin qardaşı Sahib Məmmədov məlumat verib.
Onun sözlərinə görə, fevralın 21-də şəhid qardaşının məzarını ziyarətə gələn zaman qəbir daşının dağıdıldığının, məzarın üzərindəki bayrağın götürüldüyününün şahidi olublar: “Qardaşımızın məzarını ziyarətə gələndə gördük ki,  buradakı bayraq oğurlanıb, qəbir daşı təhqir olunub. Dərhal hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verdik. Çünki qardaşım Azərbaycanın bütövlüyü uğrunda canını qurban verib. Bu bayraq, bu şəhid bizim hamımızındır, Azərbaycanındır. Bu gün şəhid məzarını təhqir edən, sabah vətənə də xəyanət edər...”
S. Məmmədov deyir ki, məzarın təhqir olunmasından bir həftəyə yaxın vaxt keçsə də, hadisəni törədən şəxs tapılmayıb: “Polisə, prokurorluğa şikayət eləmişik, dəfələrlə icra başçısına müraciət eləmişik, heç bir nəticəsi yoxdur. Mən prezidentə, Baş Prokurorluğa, Daxili işlər nazirinə müraciət edirəm, xahiş edirəm, bu məsələni araşdırın”.
Məzarın təhqir olunmasına etiraz əlaməti olaraq Bəydili kənd sakinləri icra hakimiyyətinin qarşına toplaşıblar. Onlar şəhid məzarını təhqir edənin tezliklə tapılmasını tələb ediblər.  
Məsələ ilə bağlı Biləsuvar Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra hakimiyyətindən bu məsələnin şişirdildiyini, daha ətraflı məlumat üçün RİH başçısının müavini-ictimai-siyasi və humanitar  məsələlər şöbəsinin müdiri Ləman Yüzbəyova ilə əlaqə saxlamalı olduğumuzu bildirdilər. Bir neçə saat ərzində dəfələrlə əlaqə saxlamağa çalışsaq da, Ləman xanım zənglərimizə cavab vermədi. Biləsuvar Rayon Polis İdarəsindən də heç bir cavab ala bilmədik.
Qeyd edək ki, şəhid Mahir Füzuli oğlu Məmmədov 1977-ci ildə Biləsuvar rayonunun Bəydili kəndində anadan olub. 1996-cı ildə Füzuli rayonunun Kürdmahmudlu kəndində şəhid olub. Yanvarın 26-da Bəydili kənd qəbiristanlığında dəfn olunub. /virtualaz/




Вернуться назад