Главная > Hadisə > SON DƏQİQƏ: işdən çıxarılan icra başçısı VƏFAT ETDİ - FOTO

SON DƏQİQƏ: işdən çıxarılan icra başçısı VƏFAT ETDİ - FOTO


19-01-2021, 15:08. Разместил: azadses
İsmayıllı Rayon İcra Hakimiyyətinin sabiq başçısı "Şöhrət" ordenli, iqtisad elmləri doktoru, professor Mirdaməd Mirsadıq oğlu Sadıqov vəfat edib.

''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bir neçə ay əvvəl işdən çıxarılan M.Sadqov xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, M.Sadıqov 1 sentyabr 1950-ci ildə İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olub. O, 1957-1967-ci ilərdə Lahıc qəsəbə orta məktəbində, 1967-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitunda təhsil alıb. Sadıqov 1971-ci ildə həmin institutun maliyyə-statistika fakültəsini əla qiymətlərlə bitirib.

Mirdaməd Sadıqov əmək fəaliyyətinə 1971-ci ildə başlamış və Azərbaycan Xalq Təsərrüfatı İnstitutun Maliyyə-Kredit kafedrasına işə qəbul olunmuşdur. O, 1971-ci ilin dekabr ayından 1972-ci ilin 16 dekabr tarixinədək kafedrada baş referat, 1972-1977-ci illərdə laborant və baş laborant vəzifələrini icra etmişdir. Mirdaməd Sadıqov 1973-1977-ci illərdə həmin institutun Maliyyə-Kredit kafedrasının aspiranturasında oxumuş və Moskva şəhərində namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi adına layiq görülmüşdür.

M.Sadıqov 2 noyabr 1977-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Komsomol Komitəsinin katibi seçilmiş və 10 sentyabr 1982-ci ilədək bu vəzifədə çalışmışdır. O, 10 sentyabr 1982-ci il tarixindən Azərbaycan Xalq Təsərrüfatı İnstitutu Maliyyə-Kredit kafedrasının baş müəllimi və İqtisadiyyat fakültəsinin dekanı vəzifəsinə icra etmiş, bu müddət ərzində müsabiqə yolu ilə kafedranın dosenti seçilmiş və 1988-ci ilin iyul ayının 8-ə qədər həmin vəzifələrdə fəaliyyət göstərmişdir.

8 iyul 1988-ci ildən Bakı Maliyyə-Kredit Texnikumunun direktoru vəzifəsinə təyin edilən Mirdaməd Sadıqov 1992-ci ilə qədər bu vəzifəni icra etmişdir. Daha sonra texnikumun Azərbaycan Maliyyə-İqtisad Kollecinə çevrilməsi ilə əlaqədar 8 aprel 1992-ci ildən 27 iyul 1999-cu ilədək kollecin direktoru vəzifəsində çalışmışdır. Mirdaməd Sadıqov 1993-cü ilin mart ayından Yeni Azərbaycan Partiyasının üzvüdür. Eyni zamanda 1996-cı ildən Azərbaycanda ilk dəfə yaradılmış Heydər Əliyev İqtisadi İdarəetmə Məktəbinin icraçı direktorudur.

Mirdaməd Sadıqov 1997-ci ildə Dünya Bankının dəstəyi ilə İtaliya Respublikasının Turin şəhərində "Təhsil meneceri" sahəsində ixtisasartırma kursu keçmişdir. 27 iyul 1999-cu ildən 6 may 2000-ci ilədək Bakı şəhəri Nəsimi rayonu üzrə Vergilər İdarəsinin rəisi vəzifəsini icra etmişdir. O, 6 may 2000-ci ildən etibarən Azərbaycan Dövlət İqtisad İnstitutuna prorektor vəzifəsinə təyin edilmişdir.

Mirdaməd Sadıqov 2000-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyinin xətti ilə Vyana şəhərində ixtisasartırma və təcrübə mübadiləsində iştirak etmişdir. 2000-ci ildən 2007-ci ilə qədər Azərbaycan Dövlət İqtisad Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsində çalışmışdır. Həmçinin o, 2004-cü ildə "Azərbaycan Respublikasının Maliyyə potensialının formalaşması problemləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək Azərbaycanda bu sahədə doktor adı almış ilk şəxslərdən biri olmuşdur. 2005-ci il Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 86 saylı İsmayıllı Seçki Dairəsindən YAP Mərkəzi Şurasının vahid namizədi kimi irəli sürülmüşdür. 2007-ci ildən 2008-ci il noyabr ayının 21-dək Azərbaycan Respublikası Vergilər Nazirliyi Vergi Siyasəti və Vergi Qanunvericiliyi Strateji Araşdırmalar Mərkəzinin Baş İdarə rəisi vəzifəsində çalışmışdır.

Mirdaməd Sadıqov 21 noyabr 2008-ci ildən Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsinə təyin edilmişdir. 14 fevral 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə həmin vəzifədən azad edilmişdir.

14 fevral 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Mirdaməd Mirsadıq oğlu Sadıqov İsmayıllı rayonu İcra hakimiyyətinin başçısı təyin edilmişdir. 5 mart 2020-ci ildə vəzifədən azad edilib.

Mirdaməd Sadıqov respublikada iqtisadiyyat, maliyyə və vergi problemləri ilə bağlı 200-dən çox elmi məqalənin, həmçinin 10 dərslik, 8 dərs vəsaiti və 9 monoqrafiyanın müəllifidir. Onun məqalələrinin bir qismi xarici ölkələrdə dərc edilmişdir.



Вернуться назад