Главная > Hadisə > Tofiq Nurullayev vəfat etdi

Tofiq Nurullayev vəfat etdi


16-01-2021, 15:06. Разместил: azadses
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) fəxri prezidenti, avtomobil nəqliyyatı sahəsində müstəsna xidmətləri olan Tofiq Nurullayev 2021-ci il yanvar ayının 15-də 83 yaşında dünyasını dəyişib.
 
''Azad Səs'' xəbər verir ki, bu barədə məlumatı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova paylaşıb.
 
Bildirilir ki, o, Azərbaycan Respublikasında beynəlxalq avtomobil nəqliyyatı daşımaları sahəsində peşəkar mütəxəssis olub.
 
Əmək fəaliyyətinə 1960-cı ildə başlayan Tofiq Nurullayev uzun illər avtomobil nəqliyyatı sahəsində çalışıb. Azərbaycan Respublikasında beynəlxalq avtomobil nəqliyyatı daşımalarının inkişafında onun xidmətləri xüsusilə əhəmiyyətlidir.
 
1973-cü ildə Beynəlxalq Avtomobil Daşımaları Avtokolonunun rəisi vəzifəsinə təyin edilən T. Nurullayev 1978-ci ilə qədər bu vəzifədə çalışıb. 1978-80-ci illərdə “Sovavto-Astara” beynəlxalq yükdaşımaları avtoparkının rəisi, 1980-82-ci illərdə Əfqanıstanın Məzari-Şərif şəhərində “Sovtransavto” Baş İdarəsinin müvəkkili, 1982-83-cü illərdə “Sovavtotranzit” birliyinin rəis müavini, 1983-cü ildə Astara şəhərində “Sovavto-Astara” avtonəqliyyat müəssisəsinə yenidən rəsi vəzifəsinə təyin edilərək 1986-cı ilə qədər bu vəzifəni icra edib.
 
1996-cı ildə ABADA-nın yaradılmasında və yeni yaradılan bu təşkilatın Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqına (İRU) üzv qəbul edilməsində Tofiq Nurullayevin xüsusi xidmətləri olub. Tofiq Nurullayev 1993-cü ildən 2019-cu ilə qədər ABADA-nın prezidenti, 2019-cu ildən isə fəxri prezidenti olaraq fəaliyyət göstərib.
 
Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (İRU) Baş Assambleyasında Fəxri Fərmanla təltif edilən Nurullayevin xidmətləri xüsusi vurğulanıb. Qeyd olunub ki, geosiyasi cəhətdən kifayət qədər həssas və strateji bölgə olan Azərbaycanın beynəlxalq nəqliyyat daşımaları sahəsində həm milli, həm də beynəlxalq maraqları nəzərə alınaraq İRU tərəfindən göstərilən təşəbbüslərdə yaxından iştirakı və əməkdaşlığın inkişafı məhz Tofiq Nurullayevin müstəsna xidmətlərinin nəticəsidir.
 
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) üzv ölkələri çərçivəsində Avtomobil Nəqliyyatı ilə Daşımalar üzrə Assosiasiyanın həm üzvü, həm də yaradıcılarından biri olan ABADA, TIR sistemi və digər beynəlxalq nəqliyyat vasitələrinin təşviqi və tətbiqi üçün hər zaman aidiyyatı təşkilatlarla sıx əməkdaşlıq çərçivəsində fəaliyyətini təşkil edib. Bu işdə Tofiq Nurullayevin birbaşa iştirakı onun əməyinin nəinki ölkə üçün əhəmiyyətli olduğunu, eyni zamanda beynəlxalq avtomobil nəqliyyatı ilə daşımalar sahəsindəki xidmətlərinin də əvəzsiz olduğunu sübut edir.

Вернуться назад