Главная > Hadisə > Fazil Qurbanov vəfat etdi
Fazil Qurbanov vəfat etdi23-12-2020, 11:35. Разместил: azadses |
Rusiyanın Azərbaycan Diaspor Təşkilatları Konfederasiyasının sədri, akademik Fazil Qurbanov koronavirusdan vəfat edib. ''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, o, 76 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Fazil Səməd oğlu Qurbanov 18 fevral 1944-cü ildə Bakıda anadan olub. O, 1973-cü ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) Müalicə-profilaktika fakültəsini bitirib, Respublika Uroloji Xəstəxanası nəzdində internatura keçib. Alim 1975-ci ildən Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutunun Cərrahiyyə qrupunun elmi işçisi olub. 1980-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının (TEA) Ümumittifaq Elmi-Cərrahiyyə Mərkəzinin nəzdində aspiranturaya daxil olub, daha sonra cərrahiyyə üzrə doktorantura keçib. F.Qurbanov 1983-cü ildə “Cərrahi müalicədən sonra kardiospazm residivində pnevmatik kardiodilatasiya” mövzusunda namizədlik, 1987-ci ildə isə “Qida borusu xərçəngində və xoşxassəli strikturalarında birmomentli ezofaqoplastika” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. 1989-cu ildə Azərbaycan Elmi-Tədqiqat Qastroenterologiya İnstitutunda Qida borusu, mədə və onikibarmaq bağırsaq cərrahiyyəsi bölməsinin rəhbəri kimi fəaliyyətə başlayıb və Azərbaycan Tibb İnstitutunun Cərrahiyyə kafedrasının professoru olub. 1999-cu ildən etibarən fəaliyyətini Moskvada davam etdirən alim hazırda Rusiya Federasiyası Yollar Nazirliyinin N.A.Semaşko adına Mərkəzi Kliniki Xəstəxanasında Cərrahiyyə şöbəsinə rəhbərlik edir, eyni zamanda Rusiya Xalqlar Dostluğu Universitetinin Hospital cərrahiyyəsi kafedrasının professorudur. Xora xəstəliyi cərrahiyyəsi və əməliyyat olunmuş mədə xəstəliklərində bərpa əməliyyatları, kardiospazm və əməliyyat olunmuş qida borusu xəstəlikləri, xoşxassəli çapıq strikturaları və qida borusu xərçəngi, qarın boşluğu və peritonarxası sahə orqanlarının mini invaziv cərrahiyyəsi, donor qanından istifadə olunmadan həcmli torakal və abdominal əməliyyatların aparılması F.Qurbanovun tədqiqatlarının əsas istiqamətləridir. Görkəmli cərrah 230-dan çox elmi əsərin, o cümlədən 3 monoqrafiya, 18 ixtira və səmərələşdirici təklifin müəllifidir. Onun rəhbərliyi altında 7 elmlər və 14 fəlsəfə doktoru hazırlanıb. F.Qurbanov 2014-cü ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə isə həqiqi üzvü seçilib. Alim, həmçinin N.İ.Piroqov adına Cərrahlar Assosiasiyasının, Rusiya Endoskopik Cərrahlar Assosiasiyasının, Beynəlxalq Cərrahlar Kollecinin və Nyu-York Elmlər Akademiyasının həqiqi üzvüdür. F.Qurbanov 2016-cı ildə Ümum-Rusiya Azərbaycan Konqresinə sədr seçilib. Allah rəhmət eləsin! Вернуться назад |