Главная > Dünya > Brandenburqda Şolts üçün vacib seçkilər: sosial demokratlar sağçı populistləri üstələməyi bacarıblar

Brandenburqda Şolts üçün vacib seçkilər: sosial demokratlar sağçı populistləri üstələməyi bacarıblar


23-09-2024, 10:30. Разместил: azadses
Almaniya kansleri Olaf Şoltsun Sosial Demokrat Partiyası Brandenburq vilayətində yerli seçkilərdə sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasını bir qədər qabaqlaya bilib.

“Report” Brandenburq seçki komissiyasının ilkin məlumatlarına istinadən xəbər verir ki, Almaniya Sosial Demokrat Partiyası 30,9 % səslə birinci yeri tutub, AfD isə 29,2 % səslə ikinci yerdə qalıb.

Şoltsun özü Brandenburqun paytaxtı Potsdamda yaşayır.

Bu vilayətdə seçkilər Şolts üçün xüsusilə ona görə vacib sayılır ki, Berlinin ətrafında yerləşən şərq federal torpağı olan Brandenburq sosial demokratların dayaq nöqtəsi hesab olunur.

Şoltsun partiyası burada 1990-cı ildə Almaniyanın birləşməsindən bəri iqtidarda olub.

Brandenburqda təxminən iki milyon seçici yaşayır.

Sözügedən regionda qələbə gələn il Bundestaq seçkiləri ərəfəsində Şolts və onun tərəfdarlarını, əhəmiyyətli dərəcədə olmasa da, bir qədər ruhlandıra bilər.

“Alternativ”in Türingiya və Saksoniyada yerli seçkilərdəki son uğurundan sonra Almaniyada bir çoxları kanslerin miqrasiyaya və Ukraynaya yardıma qarşı çıxan ifrat sağçıların təhdidinin öhdəsindən gəlmək qabiliyyəti barədə suallar verməyə başlayıblar.

Şoltsun mövqeyinə həm də partiyaiçi mübarizə də təhlükə yaradır: Brandenburqun hazırkı hökumətinin başçısı və kanslerin partiyadaşı Ditmar Voydke əsasən onunla birgə çıxışlardan çəkinib və federal hökumətin siyasətini tənqid edib.

İctimai rəy sorğuları göstərirdi ki, Şoltsun partiyası AfD partiyasına uduzur.

Brandenburq seçki komissiyasının ilkin məlumatlarına görə, üçüncü yeri yeni sol-millətçi partiya olan “Sara Vaqenknext İttifaqı” tutub – seçicilərin 13,5 %-i ona səs verib. Bundestaq deputatı Sara Vaqenknext Sol Partiyadan çıxaraq cəmi bir neçə ay öncə öz partiyasını yaradıb və ilk cəhdlərdən şərq torpaqlarında seçkilərdə yaxşı nəticələr əldə edir.

Dördüncü yeri 12,1 % səslə Xristian Demokrat İttifaqı tutub, digər partiyalar beş faizlik baryeri keçə bilməyib və Brandenburq parlamentinə düşməyiblər.


Вернуться назад