Главная > Dünya > Avropa Sülh Fondunun Ermənistana ayırdığı 10 milyon avro regionda sülhə xidmət etməyəcək - RƏY

Avropa Sülh Fondunun Ermənistana ayırdığı 10 milyon avro regionda sülhə xidmət etməyəcək - RƏY


23-07-2024, 16:19. Разместил: azadses
Avropa Sülh Fondunun Ermənistana ayırdığı 10 milyon avro regionda sülhə xidmət etməyəcək.

Bunu “Report”a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) baş məsləhətçisi Mətin Məmmədli deyib.

O bildirib ki, bu addım Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında münasibətlərin strateji xarakterinə mənfi təsir göstərəcək.

“Avropa İttifaqı Şurası Avropa Sülh Fondu çərçivəsində Ermənistanın müdafiə qabiliyyətinin artırılması üçün 10 milyon avro yardım göstərilməsinə qərar verdi. Ermənistanla Azərbaycan arasında yekun sülh müqaviləsi hələ də imzalanmayıb. Ermənistan o dövlətdir ki, 30 ilə yaxın dövr ərzində Azərbaycan ərazilərini işğal altında saxlayıb. Ayrılan vəsait məbləğindən asılı olmayaraq sülhə xidmət etməyəcək. Bu qərar Ermənistanda revanşizm meyllərinin güclənməsinə, bu ölkənin yenidən təcavüzkar siyasət həyata keçirməsinə təkan verə bilər”, - politoloq əlavə edib.

M.Məmmədli vurğulayıb ki, Azərbaycan Aİ-nin bu addımını heç bir halda ədalətli yanaşma kimi qiymətləndirmir və dövlət rəsmiləri də bu barədə öz mövqelərini ifadə ediblər. Onun sözlərinə görə, Aİ-nin mövcud qərarı təsadüfi deyil:

“Son illərdə Aİ-nin bir sıra strukturları, o cümlədən, bəzi Avropa ölkələri regionda Ermənistan mərkəzli bir siyasət yürüdürlər və hesab edirlər ki, bu siyasətlə onlar İrəvanı tədricən öz siyasi orbitlərinə daxil edə biləcəklər”.

Ekspert hesab edir ki, Avropa İttifaqı bu kimi qərarlarla regionda öz geosiyasi maraqlarını təmin etmək, regionu Rusiya ilə geosiyasi qarşıdurma meydanına çevirmək istəyir:

“Təbii, bu qərar Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinə təsirsiz ötüşməyəcək. Nəzərə almaq lazımdır ki, Aİ bütövlükdə Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır, bu birliyə daxil olan bir sıra dövlətlərlə Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Bu gün Azərbaycan Avropa məkanında təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayan dövlətlərdən biridir.

Ancaq görünür, bütün bunlar Avropada müəyyən dairələr tərəfindən nəzərə alınmır. Mövcud tendensiya davam etsə, Ermənistan mərkəzli siyasət yürüdülsə, bu, regionda davamlı sülhün təmin olunmasına deyil, əksinə, yeni hərbi-siyasi eskalasiyanın yaranmasına, bölgədə bölücü xətlərin ortaya çıxmasına səbəb olacaq. Bu isə nə region dövlətlərinin, nə də Avropanın maraqlarına uyğundur”.


Вернуться назад