Главная > Dünya > Mbappe: Fransada ifratçılar iqtidarın astanasındadır

Mbappe: Fransada ifratçılar iqtidarın astanasındadır


17-06-2024, 08:52. Разместил: azadses
Fransa milli futbol komandasının aparıcı üzvü Kilian Mbappe ölkəsindəki siyasi vəziyyəti qiymətləndirərkən “ifratçıların iqtidarın astanasında” olduğuna diqqət çəkərək universal “dəyərləri paylaşmayan bir ölkəni təmsil etmək istəmədiyini” vurğulayıb.

“Report” “RMC Sport”a istinadən xəbər verir ki, bu barədə 25 yaşlı idmançı iyunun 17-də baş tutacaq Avstriya – Fransa oyunundan öncə mətbuat konfransında ölkəsində yaxınlaşan növbədənkənar seçkiləri şərh edərkən söyləyib.

Hesab edirəm ki, bu, ölkəmizin tarixində həlledici məqamdır, misli görünməmiş durumla üz-üzəyik. AVRO bizim karyeramızda çox vacibdir, lakin biz hər şeydən əvvəl vətəndaşıq <...> Bu gün hamımız görürük ki, ifratçılar qələbəyə çox yaxındırlar, bizim isə ölkəmizin gələcəyini seçmək imkanımız var. Buna görə də mən bütün gəncləri çıxıb səs verməyə çağırıram”.

O, öz ölkəsinin universal dəyərlərlə eyniləşdirməli olduğunu vurğulayıb:

“Fransa özünü müxtəliflik və tolerantlıq dəyərləri ilə eyniləşdirməlidir. Bu, danılmazdır. Ümid edirəm ki, düzgün qərar verəcəyik”.

Xatırladaq ki, forvardın bu bəyanatı Avropa İttifaqında baş tutmuş avroparlament seçkiləri fonunda verilib. Fransa üçün sözügedən seçkilər Prezident Emmanuel Makronun partiyasının məğlubiyyəti ilə başa çatıb: “Dirçəliş” seçicilərin cəmi 14,6 faizinin dəstəyini alıb, Marin Le Penin Milli Birliyinin faizi isə 30-u ötüb. Sonuncu ifrat sağçı hesab olunur. Mbappenin “ifratçı” olaraq ifadə etdiyi siyasi qüvvənin məhz Le Penin partiyası olduğu güman edilir.

Eyni gün Makron parlamenti buraxıb. Növbədənkənar seçkilərin birinci turu cari ayın 30-da, ikinci turu isə növbəti ayın 7-də keçiriləcək.

Qeyd edək ki, Mbappe belə açıqlama verən ilk fransalı futbolçu deyil. Əvvəlki mətbuat konfransında əfsanəvi müdafiəçi Lilian Türamın oğlu Markus ölkəsindəki “vəziyyətin acınacaqlı, çox ciddi” olduğunu söyləyib: “Milli Birliyin qələbəsini Kanada ilə oyundan sonra öyrəndim. Soyunub-geyinmə otağında hamımız bir az təəccüblənmişdik. Hamıya deməliyik ki, gedin səs verin, hər gün mübarizə aparın ki, Milli Birlik qalib gəlməsin”. Komanda yoldaşının sözügedən açıqlamasına toxunan Mbappe isə onunla razılaşdığını deyib: “Markusla eyni dəyərləri paylaşıram, onunlayam. Düşünmürəm ki, [bu bəyanatlarla] çox uzağa gedib. O, öz fikrini səsləndirib və mən onunla razıyam”.

Türamın açıqlamasından sonra Fransa Futbol Federasiyası millidən siyasi məqsədlər üçün istifadə etməməyə çağırış edib:

“Biz ifadə azadlığına qətiyyətlə sadiqik və demokratik tələb olan səsvermə çağırışını dəstəkləyirik. Biz həmçinin istərdik ki, hər kəs bir təşkilat olaraq neytrallığımızı, eləcə də məsuliyyət daşıdığımız milli komandanın neytrallığını başa düşsün və sayğı ilə yanaşsın. Fransa millisinə hər hansı formada təzyiq və ya ondan siyasi istifadə istisna edilməlidir”

Lakin Türam və Mbappe, “RMC Sport”un təbirincə desək, Federasiyanın “bu tövsiyəsini zibilə atıb”.


Вернуться назад