Главная > Dünya > Türkiyə Mərkəzi Bankının sədri ilin ikinci yarısından inflyasiyanın azalacağını vəd edib

Türkiyə Mərkəzi Bankının sədri ilin ikinci yarısından inflyasiyanın azalacağını vəd edib


18-04-2024, 10:30. Разместил: azadses
Türkiyə Mərkəzi Bankının sədri Fatih Karahan dezinflyasiya məsələsində lazımi addımların atıldığını və daha çoxunun həyata keçirilməyə hazır olduğunu bildirərək inflyasiyanın cari ilin ikinci yarısından həm aylıq, həm də illik ifadədə azalacağını açıqlayıb.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə tənzimləyici qurumun başçısı Vaşinqtonda Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankının yaz konfransı çərçivəsində “Türkiyədə pul siyasəti və inflyasiya mənzərəsi” başlıqlı təqdimatında danışıb.

Təqdimatda monetar mövqenin əhəmiyyətli dərəcədə sərtləşdirildiyi və mart ayında əlavə sərtləşdirmə addımlarının atıldığı qeyd edilib.

Karahan Türkiyənin dezinflyasiya yoluna toxunarkən maliyyə şərtlərinin uçot dərəcəsindəki artımlardan sonra sərtləşdiyinə işarə edib.

Təqdimatda fərdi kredit artımının yavaşladığı və mart ayının sonu etibarilə 12,4 faizə düşdüyü, türk lirəsi (TL) ilə kommersiya krediti artımının normallaşdığı, xarici valyutada kredit artımının olduğu ifadə edilib.

Təqdimatda TL depozitlərinin payının artdığı, monetar sərtləşmə ilə paralel olaraq gəlir əyrisinin də dəyişdiyi bildirilib.

Təqdimatda normallaşma əlamətləri ilə daxili tələbin dayanıqlılığını davam etdirdiyi, idxalın azalması ilə xarici ticarət balansının yaxşılaşdığı vurğulanıb.

Mərkəzi Bankın sədri cari əməliyyatlar balansının yaxşılaşmağa davam edəcəyi, ölkənin xarici maliyyələşdirməyə çıxışı gücləndikcə Türkiyənin ölkə risk mükafatının azaldığı və xarici borcun konversiya nisbətinin artdığı deyilib.

Çıxışda dayanıqlı istehlak mallarında qiymət artımlarının azaldığı, xidmət inflyasiyasında çətinlik olduğu, lakin qarşıdakı dövrdə xidmət inflyasiyasının azalmasına təsir edəcək amillərin olduğu irəli sürülüb.

Təqdimatda “İlin ikinci yarısında inflyasiyanın azalacağına dair artan konsensusun olduğu” və 2024-cü ilin ikinci yarısından etibarən inflyasiyanın həm aylıq, həm də illik ifadədə azalacağı bildirilib.

Xatırladaq ki, daha öncə maliyyə tənzimləyicisi 2023-cü ilin hesabatında 818 milyard lirədən çox zərərin olduğunu açıqlamışdı.

Qeyd edək ki, Fatih Karahan Türkiyə Respublika Mərkəzi Bankının sədri vəzifəsinə bu ilin fevralında təyin edilib. Daha öncə o, ABŞ-nin “Amazon” şirkətinin baş iqtisadçısı olub.


Вернуться назад