Главная > Dünya > Berdiməhəmmədov TDT-nin “Fəxri ağsaqqal”ı adının təsis edilməsini təklif edir

Berdiməhəmmədov TDT-nin “Fəxri ağsaqqal”ı adının təsis edilməsini təklif edir


12-03-2024, 15:30. Разместил: azadses
Türkmənistan Türk Dövlətləri Təşkilatına (TDT) böyük hörmət bəsləyir və onunla əməkdaşlıqda maraqlıdır.

“Report” rusdilli “Neytralnı Turkmenistan” rəsmi qəzetinə istinadən xəbər verir ki, bu barədə Türkmənistan Xalq Məsləhətinin (Xalq Şurasının) sədri Qurbanqulu Berdiməhəmmədov paytaxt Aşqabadda TDT Ağsaqqallar Şurası çərçivəsində keçirilən iclasda söyləyib.

Berdiməhəmmədovun sözlərinə görə, Türkmənistan xarici siyasət strategiyasında türk dövlətləri ilə ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafı və gücləndirilməsinə xüsusi önəm verir. O əlavə edib ki, ortaq tarixi köklər, mədəniyyət, dil və din türk ölkələrinin xalqlarını bir-birinə bağlayır ki, bu da siyasi-diplomatik, ticarət-iqtisadi və mədəni-humanitar əlaqələrin qurulması və dərinləşməsi üçün zəmin yaradır. Sabiq dövlət başçısı vurğulayıb ki, hazırda Türkmənistan TDT-nin işində fəal iştirak edir, həmçinin Türk Dövlətləri Parlament Assambleyasına (TÜRKPA) və Türk Ticarət və Sənaye Palatasına daxil olmaq imkanlarını hərtərəfli gözdən keçirir.

Berdiməhəmmədov həmçinin TDT məkanında əməkdaşlığın daha da genişləndirilməsi üçün nəzərdə tutulmuş bir sıra təşəbbüsləri açıqlayıb. Onların arasında Türk Dövlətləri Təşkilatının “Fəxri ağsaqqal”ı adının və müvafiq nişanənin təsis edilməsi, habelə gələcəkdə qəzet və ya jurnalın nəşri üçün redaksiyanın yaradılması, Təşkilatın Ağsaqqallar Şurası üçün veb-saytın hazırlanması təklifi də var.

Qeyd edək ki, TDT Ağsaqqallar Şurasının toplantısı martın 11-dən 13-dək Aşqabadda keçirilir. Türkmənistan ilk dəfədir ki, bu tədbirə ev sahibliyi edir. TDT-nin Ağsaqqallar Şurasının əvvəlki, 14-cü iclası 2023-cü ilin oktyabrında Özbəkistanın Səmərqənd şəhərində baş tutub.


Вернуться назад