Главная > Dünya > Türkiyəli general: "Mustafa Kamal Atatürk-2023" birgə təlimi dünya ölkələrinə vacib mesajdır"
Türkiyəli general: "Mustafa Kamal Atatürk-2023" birgə təlimi dünya ölkələrinə vacib mesajdır"24-10-2023, 14:42. Разместил: azadses |
"Türkiyə Ordusu NATO-nun ikinci, Azərbaycan Ordusu isə Cənubi Qafqazın birinci ən güclü ordusudur". Bunu "Report"a açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi ataşşesi, ehtiyatda olan general Yücel Karauz deyib. Onun sözlərinə görə, bu il Azərbaycanla hərbi əlaqələrin qurulmasından 32 il, birgə keçirilən hərbi təlimlərdən isə 10 il ötür: "Ümumilikdə isə il ərzində Türkiyə və Azərbaycan arasında həyata keçirilən birgə hərbi təlimlərin sayı təxminən 20-yə çatır. Bunlar havada, suda və quruda, həmçinin Xüsusi Təyinatlı Qüvvələrlə birgə keçirilən təlimlərdir. Bugünkü təlimlər həm vaxt, həm də ad etibarı ilə çox böyük önəm daşıyır. Dünyada hazırda qeyri-sabitlik hökm sürür və günbəgün bir çox yerdə münaqişə ocaqları yaranmaqdadır". General qeyd edib ki, Cənubi Qafqaza sülh və sabitliyi gətirən Azərbaycan dövləti və ordusunun yaratdığı yeni reallıqlarla barışmaq istəməyən qüvvələr bölgəni qarışdırmaq üçün kilometrlərlə uzaqdan nifaq toxumları səpməyə çalışırlar. Bu baxımdan, "Mustafa Kamal Atatürk-2023" birgə taktiki təlimi həm bölgə, həm də dünya ölkələrinə verilən mesajlar nöqteyi-nəzərdən vacibdir. Y.Karauz vurğulayıb ki, bu təlimlərdə ordularımız həm havada, həm də quruda dünyanın ən çətin manevrlərini nümayiş etdirirlər: "Türkiyə NATO-nun ikinci ən böyük, Azərbaycan Ordusu isə Cənubi Qafqazın birinci ən güclü ordusudur. Bu baxımdan, iki böyük ordunun keçirdiyi təlimlərinin Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyinə həsr olunması Azərbaycanın necə qədirbilən dövlət olduğunun göstəricisidir". Qeyd edək ki, Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə “Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təlimi keçirilir. Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad olunmuş ərazilər də daxil olmaqla ölkəmizin müxtəlif istiqamətlərində keçirilən birgə taktiki təlimə hər iki ölkənin müxtəlif qoşun növündən ümumilikdə 3000-dək şəxsi heyət, 130 ədəd zirehli texnika, 100-dək artilleriya vasitəsi, 20-dən artıq aviasiya və uçuş vasitələri, eləcə də mühəndis texnikası və kiçik botlar cəlb olunub. Təlimdə müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması və şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar icra edilir. “Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təlimində əsas diqqət qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldilib. Вернуться назад |