Главная > Dünya > Qırğızıstan Tacikistanla sərhəddə mübahisəli 100 km hissə ilə bağlı razılığa gəlib

Qırğızıstan Tacikistanla sərhəddə mübahisəli 100 km hissə ilə bağlı razılığa gəlib


8-08-2023, 20:01. Разместил: azadses
Qırğızıstan Tacikistanla sərhəddə mübahisəli 100 km hissə ilə bağlı razılığa gəlib.

“Report” “asiaplustj.info”ya istinadən xəbər verir ki, bu barədə Tacikistan Torpaqların idarə edilməsi və geodeziya üzrə Dövlət Komitəsinin başçısı Orif Xocazoda bildirib.

Onun sözlərinə görə, tərəflər artıq sərhədin daha 101,86 km mübahisəli hissəsinin layihə təsvirini imzalayıblar. O bildirib ki, yarım il ərzində topoqrafiya komissiyalarının 5 iclası keçirilib: “Danışıqlar dostluq şəraitində gedir”.

Xocazoda problemin həll olunacağına əminliyini vurğulayaraq deyib: "Komissiya üzvləri Tacikistan və Qırğızıstanda görüşəcəklər”.

İki ölkə arasında müntəzəm danışıqlardan sonra sərhəd bölgələrində dronlardan istifadə etməmək barədə razılığa gəlinib.

Komitə başçısı bildirib ki, bu günə qədər Qırğızıstanla ümumi sərhədin 970 kilometrindən 519 kilometri dəqiqləşdirilib: “Bundan sonra da sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı bütün məsələlərin həlli istiqamətində davamlı işlər aparılacaq”.

Məlumata görə, tərəflər arasında delimitasiya və demarkasiya olunmayan mübahisəli 400 km-dən artıq ərazi qalıb.

Delimitasiya üzrə danışıqlar 2002-ci ilin dekabrından davam edir.

Qeyd edək ki, sərhədlər müəyyənləşmədiyi üçün dəfələrlə iki ölkənin yerli sakinləri və hərbçiləri arasında odlu silahdan istifadə edilməklə münaqişələr yaşanıb.

Sonuncu insident 2022-ci ilin sentyabrında baş verib.
Вернуться назад