Главная > Dünya > Xarkov vilayətinin təhlükəli bölgəsindən 52 min sakin təxliyə edilib

Xarkov vilayətinin təhlükəli bölgəsindən 52 min sakin təxliyə edilib


19-07-2023, 19:23. Разместил: azadses
"Rusiyanın Ukraynaya qarşı apardığı irimiqyaslı hərbi əməliyyatlarla bağlı sakinlərə yardım göstərmək üçün müxtəlif istiqamətlərdə fəaliyyət göstəririk. Son 2-3 həftədir ki, Xarkov vilayətinin Kupyansk və Volçans istiqamətində atışmalar daha çox eşidilməyə başlayıb".
Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Xarkov vilayətində Ukrayna Qırmızı Xaç Təşkilatının rəhbəri Konstantin Başkirov bildirib.
"İndiyədək biz Xarkov vilayətindəki təhlükəli ərazilərdən 52 min insan təxliyə etmişik. Hazırda burada Çevik Reaksiya Qüvvələrinin, Xarkov vilayətində fəaliyyət göstərən Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin komandası çalışır. Buraya 107 nəfər daxildir. Amma sırf sakinlərin təxliyəsi istiqamətində cəmi 25 nəfər çalışır. Çətinliklərə gəlincə, ilk növbədə nəqliyyat vasitələri ilə problemlər var. Məsələn, nəqliyyat vasitələrinin mütəmadi olaraq texniki qulluğuna ehtiyac var.

Lakin bunun üçün kifayət qədər resurs yoxdur. Bundan başqa, tam ötürücülü nəqliyyat vasitələri ilə bağlı çatışmazlıq var. Bu məqamda qeyd edək ki, insanların da problemləri var. Ötən ilin yazından payızına qədər işğal altındakı ərazilərdə yaşayan insanlar indi özlərində güc tapıb müxtəlif işlərlə məşğul olurlar. Bu mənada bütün Ukrayna onlara dəstək göstərir. Qeyd etdiyim ki, son 2-3 həftədə Kupyansk istiqaməti daha çox atəşə tutulmağa başlayıb. Hər 20-30 dəqiqə fasilələrlə bu istiqamətə artilleriya, raketlərlə zərbələr endirilir. Müxtəlif istiqamətlərdən asılı olaraq buradan cəbhə xəttinə cəmi 4-10 kilometr məsafə var. Buna görə də insanlar buradan köçməklə bağlı qərar verirlər. Yaxın gələcəkdə hadisələrin hansı istiqamətdə cərəyan edəcəyini bilmirik.

Vurğulamaq istərdim ki, ötən il mart əvvəlindən etibarən Xarkov vilayətində fəaliyyət göstərən Beynəlxalq Qızıl Xaç Cəmiyyətinə yardım göstərmək üçün çoxlu sayda motivasiyalı insanlar gəlib. Bu, insanı ruhlandırır. İndiyədək onlar çox böyük yardım göstəriblər. Aydındır ki, biz hamıya olmasa da, yardıma ehtiyacı olanlara kömək etməliyik. Burada çalışanlar əsl qəhrəmanlardır, çünki çox sayda insanın həyatını xilas ediblər" - deyə, o, əlavə edib.


Вернуться назад