Главная > Dünya > Peru mətbuatında Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatı pislənib

Peru mətbuatında Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatı pislənib


14-04-2023, 12:42. Разместил: azadses
Peru Jurnalistləri Federasiyasının rəsmi portalında qurumun vitse-prezidenti, tanınmış perulu jurnalist Rikardo Sançezin müəllifi olduğu “Ermənistanın Azərbaycana qarşı təxribatları regional sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid edir” başlıqlı məqalə dərc edilib.

Bu barədə "Report"a Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına istinad edən müəllif, aprelin 11-də Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən mövqelərinə müxtəlif silahlardan atəş açmaqla növbəti təxribat aktı törətdiyini, nəticədə Azərbaycan Ordusunun bir neçə əsgərinin şəhid olduğunu qeyd edir.

Məqalədə beynəlxalq ictimaiyyətin ölkələr arasında sülh müqaviləsi üzrə danışıqlara çağırışları fonunda bu kimi hərbi təxribatların, o cümlədən Ermənistanın sülh müqaviləsi prosesini pozmağa yönəlmiş müxtəlif bəyanatlarla çıxış edərək sülh prosesinə marağının olmadığını göstərdiyi bildirilir.

Məqalədə həmçinin bütün məsuliyyətin beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayan Ermənistanın üzərinə düşdüyü və bu kimi hərəkətlərin nəinki Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini pozduğu, həmçinin regional sülh və təhlükəsizliyə ciddi təhlükə yaratdığı vurğulanır və bunun beynəlxalq ictimaiyyət tərəfindən qəti şəkildə pislənməsinin vacibliyi qeyd olunur.


Вернуться назад