Главная > Dünya / Manset > Peru mətbuatında Ermənistanın son hərbi təxribatları barədə danışılıb
Peru mətbuatında Ermənistanın son hərbi təxribatları barədə danışılıb4-10-2022, 12:00. Разместил: admin |
Perunun aparıcı mətbu orqanlarından olan “La Republica” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Məmməd Talıbovun Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatları ilə bağlı müsahibəsi dərc olunub. Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib ki, müsahibədə sentyabrın 12-dən 13-nə keçən gecə Azərbaycan-Ermənistan dövlət sərhədinin müxtəlif istiqamətlərində Ermənistanın silahlı qüvvələri tərəfindən törədilən irimiqyaslı hərbi təxribatlar barədə məlumat verilib. Bu təxribatın son iki ayda Ermənistanın silahlı qüvvələri tərəfindən həyata keçirilən silsilə hərbi təxribatların davamı, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın kobud şəkildə pozulması olduğu vurğulanıb. Müsahibədə Azərbaycan Ordusunun mövqelərinin intensiv atəşə tutulması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti arasında itkilərin olduğu, hərbi infrastruktura ciddi zərər vurulduğu bildirilib. Məqalədə həmçinin Ermənistanın 2020-ci ildə tərəflər arasında imzalanmış Üçtərəfli Bəyanata məhəl qoymayaraq öz silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmadığı, torpaqlarımzı minalamaqla irimiqyaslı təxribat və terror aktları həyata keçirdiyi və bununla da humanitar hüququn müddəalarını kobud şəkildə pozduğu qeyd olunub və Ermənistanın bu cür işğalçılıq fəaliyyətlərinin regionda münasibətlərin normallaşdırılması prosesini ləngitmək məqsədi daşıdığı vurğulanıb. Müsahibə zamanı keçmiş münaqişənin tarixi, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq öz ərazilərini 30 illik erməni işğalından azad etdiyi 44 günlük Vətən müharibəsinin nəticələri, torpaqlarımızın dağıdılması, talan edilməsi, kütləvi şəkildə minalanması barədə məlumat verilib. Müsahibədə Azərbaycanın regionda hərbi eskalasiyada maraqlı olmadığı və hər zaman münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə həllinin tərəfdarı olduğu vurğulanıb və Azərbaycanın Ermənistanı beynəlxalq hüquqa, dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsiplərinə hörmət etməyə çağırdığı qeyd olunub. Müsahibədə həmçinin, ölkə rəhbərliyi tərəfindən işğaldan azad edilmiş Azərbaycan ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa işləri, o cümlədən Azərbaycanla Ermənistan arasındakı sərhədlərin delimitasiyası və demarkasiyası, regional kommunikasiyaların açılması və sülh müqaviləsinin imzalanması istiqamətində atdığı konstruktiv addımlardan bəhs edilib. Sonda təmsilçimiz Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti təcavüzünün davam edən normallaşma və sülh prosesinə tamamilə zidd olduğunu, həmçinin Qafqaz regionunda təhlükəsizlik və sabitliyə təhdid yaratdığını vurğulayıb. Вернуться назад |