Главная > Dünya > Bu gün BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsinə start verilir - FOTO

Bu gün BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsinə start verilir - FOTO


19-09-2022, 13:00. Разместил: admin
Bu gün ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsinə start verilir.

“Report”un yerli bürosunun xəbərinə görə, Baş Assambleyanın 77-ci (UNGA 77) yüksək səviyyəli həftəsi bu gün dünyanın böyük gücləri arasında artan gərginlik, Ukraynadakı müharibə, eləcə də dünyadakı qida çatışmazlığı, iqlim və enerji böhranları fonunda öz işinə başlayır.

BMT-yə üzv 193 ölkədən dövlət və hökumət nümayəndələrini qarşılayan Nyu-Yorkda təhlükəsizlik ən yüksək səviyyəyə çatdırılıb. Beynəlxalq təşkilatın binasının yerləşdiyi Manhetten adasında 42 və 46-cı küçələrə çıxan yollar nəqliyyatın hərəkətinə bağlanıb.

Yüksək səviyyəli həftənin başlanğıcı Britaniya kraliçası II Elizabetin planlaşdırılan dəfn mərasimi ilə üst-üstə düşdüyü üçün yüzlərlə dövlət başçısı Londona dəvət olunub. BMT rəsmiləri 60-dan çox ölkə liderlərinin yüksək səviyyəli həftəyə nə vaxt qatılacağı ilə bağlı qeyri-müəyyənlik olduğunu açıqlayıb. Bunlar arasında çərşənbə axşamından etibarən çıxış vaxtını dəyişdirən ABŞ Prezidenti Cozef Bayden də var.

Qeyd edək ki, 77-ci sessiyaya macarıstanlı diplomat Çaba Quereşi sədrlik edəcək. Yüksək səviyyəli həftəni BMT Baş katibi Antonio Quterreş açıq elan edəcək, qonaqları həftənin gündəmi və beynəlxalq ictimaiyyət qarşısında duran əsas vəzifələri və çağırışlar barədə məlumatlandıracaq.

Ondan sonra Braziliya Prezidenti Jair Bolsonaronun Baş Assambleya iştirakçılarına müraciəti olacaq.

Həftə çərçivəsində dövlət və hökumət başçıları və nazirlərin iştirakı ilə kritik əhəmiyyət kəsb edən aktual problemlər və siyasi müzakirələr aparılacaq.

Dünyada cərəyan edən qlobal problemlərlə yanaşı baş katibin təklifi ilə “Təhsil Transformasiyası və Dayanıqlı İnkişaf Məqsədləri” mövzuları həftənin əsas müzakirə gündəmi kimi müəyyən olunub.

Ümumi debatla yanaşı, Baş Assambleyanın sessiyası təşkilata üzv olan 193 ölkənin BMT-nin büdcəsini müəyyən etdiyi, Təhlükəsizlik Şurasına qeyri-daimi üzvləri seçdiyi və müxtəlif məsələlərlə əlaqədar sessiya çərçivəsində keçirilən iclaslarda iştirak etdiyi dövrdür. Rəsmi görüşlərlə yanaşı, BMT Baş Assambleyasının sessiyası zamanı dünya liderləri və hökumət nümayəndələri ikitərəfli görüşlər keçirəcək, müxtəlif müzakirələrdə iştirak edəcəklər.

BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsinə sentyabrın 27-si yekun vurulacaq.

Qeyd edək ki, Assambleyanın 77-ci sessiyasında Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edəcək.





Вернуться назад